Xəzər Xəbər

Birinci vitse-prezident Uşaq Psixonevroloji Mərkəzində olub VİDEO

Veb TV | 18:55 • 11 Fevral 2019
Birinci vitse-prezident Uşaq Psixonevroloji Mərkəzində olub

Ölkənin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban əliyeva bu gün Bakının Nərimanov rayonundakı uşaq psixonevroloji mərkəzində olub. Mehriban Əliyeva burada yaşayan və müalicə olunan, xüsusi təhsilə yiyələnən uşaqlar üçün yaradılan şəraitlə maraqlanıb. Mehriban Əliyeva bu gün həmçinin 268 nömrəli xüsusi məktəbdə də olub, uşaqlarla görüşüb, şagirdlərin təhsili ilə maraqlanıb.

Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verilib ki, hazırda müəssisədə körpəlikdən yetkinlik yaşına qədər 103 uşağa tibbi xidmət göstərilir. Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu ildə inşa edilən bu tibb ocağında psixoloq, aromaterapiya, okulist, psixonevroloq, nevropatoloq, loqoped, pediatr, lor, ultrasəs müayinəsi və fizioterapiya otaqları fəaliyyət göstərir.

Mərkəzdə autizm, uşaq serebral iflici və formaları, əqli gerilik və ləngimələr, onun təzahürlərindən əziyyət çəkən uşaqlar müalicə olunurlar. Onların müalicəsi isə kompleks şəklində, yəni həkim və pedaqoji müalicə daxil olmaqla aparılır. Mərkəzdə bu sahədə dünyada tətbiq olunan müasir proqramlardan istifadə edilir.

Görüş zamanı birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla söhbət edib. Doqquz yaşlı Ömərlə birgə rəsm çəkən birinci xanım Mehriban Əliyeva Ömərə onun bacarıqlı olduğunu deyib. Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan 6 yaşlı Nasimin də istək və arzularını dinləyib, oyun vasitəsilə onun suallarını cavablandırıb.

Tibb müəssisəsinin digər balaca pasiyenti Abdullanın müalicəsi isə filtrasiya olunan musiqinin xüsusi qulaqcıqlarla dinlənilməsinə əsasən beyinə impulsların ötürülməsi ilə aparılır. Müalicənin bu üsulu ilə maraqlanan Birinci vitse-prezidentə məlumat verilib ki, cari ildən həmin müalicədə tətbiq edilən yeniliklərdən biri də Azərbaycan klassik musiqisinin filtrasiya olunaraq istifadə edilməsidir.

Daha sonra isə xüsusi qayğıya ehtiyacı olan balacalar Mehriban Əliyeva ilə söhbət edərək, bacarıqlarını nümayiş etdiriblər. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müəssisənin həyətində inşa edilən akt zalı haqqında da məlumat verilib.

Sonda isə mərkəzdə müalicə və təhsil alan uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün həmçinin Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evində də olub. Bildirilib ki, hazırda burada 3 yaşadək 13 uşaq var. 1930-cu ildə tikilən bu bina uzun illər təmir edilmədiyinə görə yararsız hala düşüb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə körpələr evində ilk dəfə 2005-ci ildə, daha sonra 2014-cü ildə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 2015-ci il mayın 10-da Fondun prezidenti Mehriban Əliyevanın iştirakı ilə körpələr evinin açılışı olub. Binadakı yataq, tibbi müayinə, laboratoriya, fiziki tərbiyə otaqları zəruri avadanlıq və inventarla təchiz edilib. Sonda körpələr evinin sakinlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Birinci vitse-prezident bu gün həmçinin 268 nömrəli xüsusi məktəbdə də olub. Birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, məktəbin bütün otaqları zəruri əyani tədris vəsaitləri ilə təchiz olunub. Təhsil ocağında əqli və fiziki cəhətdən geri qalmış, psixi inkişafında ləngiməsi olan 900 şagird təhsil alır. Burada 242 müəllim daun sindromlu, autizm, ümumtəhsil proqramını mənimsəyə bilməyən və əqli inkişaf geriliyi diaqnozu olan uşaqlara təlim keçirlər.Burada uşaqlar gündə 2 dəfə qidalanırlar.

Uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildikdən sonra birinci vitse-prezident Mehriban Əliyeva məktəbin musiqi sinfində şagirdlərin ifasını dinləyib.

Xəbər lenti