Xəzər Xəbər

Polis külli miqdarda narkotik maddə müsadirə edib - saxlanılanlar var - VİDEO

Veb TV | 19:29 • 12 Yanvar 2019
Polis külli miqdarda narkotik maddə müsadirə edib -

Salyanda istixanada pomidor şitillərinin arasında xeyli miqdarda narkotik tərkibli çətənə bitkisi əkirmiş. Polis həmin şəxsin istixanasına baxış keçirən zaman qonşuluqda olan istixanada da eyni vəziyyətin olduğunu aşkarlayıb.

Xezerxeber.az-ın məlumatına görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Salyan rayon Qarabağlı kənd sakinləri - Elman Dadaşov, Qalib Rəhimov və paytaxt sakini Rafiq Cavadov saxlanılıb. Əvvəlcə, Elman Dadaşovun həyətində olan istixanaya baxış keçirilən zaman pomidor şitillərinin arasında xüsusi olaraq əkilən və qulluq edilən 508 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülüb.

Bundan sonra isə əməliyyat tədbirlərinin davamı olaraq Elman Dadaşovun qonşuluğunda olan Qalib Rəhimova məxsus istixanaya da baxış keçirilib. Oradan da eyni qayda ilə pomidor şitillərinin arasında əkilən 404 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər narkotik tərkibli bitkiləri Maştağa qəsəbəsi sakini Rafiq Cavadovun köməkliyi ilə 2018-ci ilin dekabr ayında satmaq niyyəti ilə əkdiklərini və onlara qulluq edərək yetişdirdiklərini bildiriblər.

Qeyd edək ki, saxlanılan şəxslərin yaşadıqları evə baxış zamanı Elman Dadaşovdan əlavə olaraq 450, Qalib Rəhimovdan isə 470 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Abşeronda isə 1 kiloqramdan çox narkotik maddəni satmaq istəyən "qara" ləqəbi ilə tanınan İlqar Əhmədov elə "iş başındaca" saxlanılıb. Əməliyyat zamanı 50 yaşlı İlqar Əhmədov üzərində gəzdirdiyi 1 kiloqramdan çox narkotik maddə olan həşişi başqasına satmaq istəyərkən tutulub. O, bu cinayəti ayda bir dəfə törətdiyini etiraf edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti