Xəzər Xəbər

Azərbaycanın ilk rəsmi Ünvan Portalı təqdim olunub VİDEO

Veb TV | 19:16 • 6 Dekabr 2018
Azərbaycanın ilk rəsmi Ünvan Portalı təqdim olunub

Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib.

XəzərXəbər xəbər verir ki, bununla bağlı dekabrın 6-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət qurumlarının, ictimai təşkilatların, naviqasiya şirkətlərinin nümayəndələrinin, əmlak və nəqliyyat ekspertlərinin iştirakı ilə geniş ictimai təqdimat keçirilib.

Tədbirin məqsədi ünvan məsələləri ilə bağlı bütün göstəriciləri bir virtual platformada cəmləşdirən bu portalın istifadə qaydaları, üstünlükləri ilə bağlı ətraflı məlumat vermək, o cümlədən vətəndaşların, dövlət qurumlarının, bələdiyyələrin bu layihədən ala biləcəkləri faydanı izah etməkdir.

Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri Azər Bəşirov bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2013-cü il 1 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında" Əsasnaməyə uyğun olaraq ölkədə müasir Ünvan Reyestri İnformasiya Sistemi (ÜRİS) qurulub. Bu istiqamətdə inkişaf etmiş ölkələrin təcrübələri nəzərdən keçirilib, ən optimal varianta əsasən yeni yanaşmalar tətbiq edilib. Yeni ünvanvermə qaydalarına əsasən, "giriş ünvanı konsepsiyası"ndan istifadə olunur. Ünvanlar binalara yox, binanın hər bir girişinə ayrıca verilir. Bu beynəlxalq standarta cavab verməklə yanaşı, ünvan axtarışına sərf olunan vaxtı minimuma endirir.

Diqqətə çatdırılıb ki, insanların sosial-məişət həyatının rahatlığına hədəflənən yeni ünvanvermə qaydaları poçt, təcili tibbi yardım, fövqəladə hallar və digər xidmətlərin fəaliyyəti zamanı operativliyi təmin edir. Komitə və yerli icra hakimiyyətləri ilə birgə aparılan işlər nəticəsində respublikanın şəhər və rayon mərkəzlərində 7244 küçə və prospektə, kənd yaşayış məntəqələri üzrə 19 minə yaxın nəqliyyat infrastrukturu obyektlərinə (NİO) yeni adlar verilib və yeni yaradılmış ÜRİS-nə daxil edilib. Hazırda ÜRİS-də respublikanın şəhər, rayon mərkəzləri və qəsəbələri olmaqla ümumilikdə 16155 adlı NİO və onlar üzrə 834 min ədədə yaxın giriş ünvanı, 420 minə yaxın daxili ünvan məlumatları toplanıb.

Artıq elektron idarəçilik müstəvisinə keçən Ünvan Reyestrinin məlumat bazası digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edir.

Ünvan Portalının istifadəyə verilməsinin bu sahədə mühüm innovativ addımlardan olduğunu deyən Aparat rəhbəri qeyd edib ki, portal ünvanla bağlı bütün məlumatları bir yerdə cəmləşdirən vahid platformadır. Sayt Ünvan Reyestri İnformasiya Sisteminin məlumat bazası əsasında yaradılıb, yeni və köhnə ünvanlar bu məkanda yerləşdirilib. Vətəndaşlar, dövlət qurumları və hüquqi şəxslər ünvanlarla bağlı rəqəmsal şəkildə toplanmış məlumatları rəsmi, fasiləsiz və çevik qaydada portaldan əldə edə bilirlər.

Bu informasiya resursu Avropada Ünvan Məlumatları İnfrastrukturu (EUARDIN) prinsipləri əsasında hazırlanıb. Ünvan Portalı Milli Məkan Məlumatları İnfrastrukturunun açar veb servislərindən biridir və Milli Məkan Məlumatları İnfrastrukturunun qurulmasına xidmət edir.

"Portalın istifadəyə verilməsi prosesində dövlət qurumları, ictimai təşkilatlar və mütəxəssislərlə birlikdə müzakirələr aparılıb. Gələcəkdə də saytın daha da təkmilləşdirilməsi ilə bağlı yeni ideya və fikirlər dəyərləndiriləcək", - deyə A.Bəşirov qeyd edib.

Sonra Ünvan Portalının funksionallığı real rejimdə təqdim olunub. Qeyd edilib ki, istifadəçi portala daxil olaraq öncə ünvanın yerləşdiyi rayonu seçir. Daha sonra rayondaxili qəsəbəni, küçəni, obyektin növünü daxil edərək axtarış bölməsinə keçir. Ekranda həmin ünvanın virtual olaraq koordinatları əks olunur. "Seçimlər" bölməsinə daxil olmaqla obyektin giriş ünvanı, yerləşdiyi küçə, sərhədləri, parselləri istifadəçiyə bəlli olur. Həmçinin bu bölmədən obyektin yaxınlığında yerləşən yaşayış zolaqlarını, su kanalları, magistral yolları, dəmir yollarını müəyyən etmək olar. Eyni zamanda, axtarışa verildikdə ictimai obyektlər də avtomatik olaraq əks olunur.

Əgər obyektin yerləşdiyi ünvanın adı istifadəçi üçün yenidirsə, o köhnə ünvana görə də axtarış edə bilir. Bundan başqa istifadəçilər obyekti ünvanla yanaşı koordinata görə də axtarmaq imkanına malikdir. Bu zaman onlar uzunluq və en dairəsini qeyd edirlər. Həmçinin vətəndaşlar olduğu yerdən gedəcəyi ünvana qədər olan məsafəni də müəyyən edə bilirlər.

Əsas pəncərənin yuxarısında yerləşmiş "Məlumat" düyməsi vasitəsilə istifadəçi onu maraqlandıran müxtəlif suallara cavab tapa və telefon vasitəsilə operatorla birbaşa əlaqə yarada bilər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron hökumət və rəqəmsal innovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov ünvan portalının bu sahənin inkişafında yeni mərhələ olacağını bildiriblər. Eyni zamanda, QHT rəhbərləri olan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Ünvan Portalının istifadəyə verilməsini yüksək qiymətləndiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti