Xəzər Xəbər

Bakıda dəhşətli cinayət Nənəsini diri-diri yandırdı - VİDEO

Veb TV | 20:23 • 8 Noyabr 2018
Bakıda dəhşətli cinayət

Gecə Bakıda bir evin yanması ölümlə nəticələnib. Hadisə Binəqədi rayonunda baş verib. İki gün əvvəl Nəsimi rayonunda yaşlı qadını öldürüb evi qarət etdikdən sonra yandıran şəxs də tutulub. Həmin şəxsin qadının öz nəvəsi olduğu məlum olub.

İşdən evə gələn qadın mənzilinin yandığını görüb.

O, dərhal evə daxil olaraq həyat yoldaşını çıxarmaq istəsə də, buna nail ola bilməyib, 60 yaşlı Əli İslamov yanaraq ölüb.

Ölümlə nəticələnən yanğın hadisəsi gecə saatlarında paytaxtın Binəqədi rayonu İlyas Əfəndiyev küçəsində baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə,ümumi sahəsi 64 kvadratmetr olan ikimərtəbəli, 4 otaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 9 kvadratmetrdə yanıb. Yanğının kəşfiyyatı zamanı Əli İslamovun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Mərhumun həyat yoldaşı Sərfinaz Vəliyevanın sözlərinə görə, o, hadisədən bir neçə dəqiqə əvvəl işdən evə gəlib. Qadın sərxoş vəziyyətdə olan Əli İslamovun yandığını görən kimi alova müdaxilə etməyə başlayıb. Yanğının miqyası böyüdüyündən qadın həyat yoldaşını xilas edə bilməyib.

Səhər saatlarında hadisə yerinə rayon polis və prokurorluq orqanlarının əməkdaşları gələrək araşdırmalara başlayıblar.

Bu arada, iki gün əvvəl Nəsimi rayonunda yanmış vəziyyətdə meyiti tapılan qadını nəvəsinin öldürdüyü məlum olub. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb. Noyabrın 6-da Nəsimi rayonu ərazisində 78 yaşlı Tamilla Axundovanı yaşadığı evdə tamah məqsədilə öldürüb, daha sonra evi yandırmaqda şübhəli bilinən 24 yaşlı Eldar Əfəndiyev artıq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti