Xəzər Xəbər

Su polisi balıqları kütləvi məhv edənləri yaxaladı VİDEO

Veb TV | 18:35 • 8 Noyabr 2018
Su polisi balıqları kütləvi məhv edənləri yaxaladı

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş reydlər nəticəsində İmişli rayonunun Qızılkənd kəndində qeyri-qanuni balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, rayon sakini olan Samir Teymurov qeyd olunan ərazidə kustar üsulla hazırlanmış, elektrik cərəyanı buraxılmaqla balıqların məhvi üçün nəzərdə tutulmuş elektrik avadanlığından istifadə etməklə qanunsuz fəaliyyətlə məşğul ikən elə iş başındaca yaxalanıb. Bu zaman ondan balıq məhsulları, ov ləvazimatları, həmçinin balıqların elektrik cərəyanı buraxılmaqla məhv edilməsi üçün nəzərdə tutlmuş, kustar üsulla hazırlanmış aparat da götürülüb.

İlkin təhqiqat zamanı bu şəxs göstərilən üsulla balıq ovlamağın qanunsuz olduğunu bilmədiyini vurğulayıb. Polis əməkdaşları qanunlardan xəbərdar olmamasının onu məsuliyyətdən azad etmədiyini, müvafiq dövlət orqanlarının rəsmi icazəsi (lisenziyası) olmadan balıqların, digər heyvanların ovlanmasının mövcud qanunvericiliyə zidd olduğunu, bu sahəni tənzimləyən qanunlara və digər normativ-hüquqi aktlara ciddi riayət edilməsinin zəruriliyini S.Teymurovun nəzərinə çatdırıblar.

Xüsusən kustar şəkildə hazırlanmış, heç bir standartlara cavab verməyən elektrik avadanlığı ilə respublikanın sututarlarında, o cümlədən İmişli rayonu ərazisindəki göllərdə, digər məkanlarda balıq ovunun həmin məkanlardakı ekoloji mühitə, faunaya ciddi ziyan vurmasıyla bərabər, belə fəaliyyətlə məşğul olan şəxslərin də həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu, bu yaxınlarda respublikamızın Qərb bölgəsində məhz eyni üsulla qanunsuz balıq ovu edən bir şəxsin elektirk cərəyanı vurması nəticəsində dünyasını dəyişdiyi adıçəkilən şəxsə xatırlanıb.

Hazırda İdarədə faktla bağlı araşdırma aparılır. Nəticədən asılı olaraq S.Teymurov barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq əciddi tədbir görüləcək.

Bununla yanaşı, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən artıq dənizkənarı ərazilərdə qanunsuz qum daşınması hallarına qarşı reydlər həyata keçirməyə başlanılıb.

Xəbər lenti