Xəzər Xəbər

Avtobus sürücülərinə qarşı reyd: Ciddi nöqsanlar var - VİDEO

Veb TV | 20:55 • 10 Oktyabr 2018
Avtobus sürücülərinə qarşı reyd:

İctimai nəqliyyatdanizam-intizamın yaradılması, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə dövlət yol polisi idarəsinin əməkdaşları hərəkətə keçiblər. Paytaxtın 4 rayonunda 100-ə yaxın avtobusun, sürücünün yaşadığı evin qarşısında, yolda və yanacaqdoldurma məntəqəsinin həyətində saxlanıldığı müəyyən edilib.Həmin daşıyıcı şirkətlərə bu faktlarla bağlı , sonuncu dəfə xəbərdarlıq edilib.

Biri avtobusu yol kənarında, digəri isə yaşadığı evin qarşısında saxlayıb.

Hansı ki, ictimai nəqliyyatda istifadə edilən avtobuslar axşam saatlarında onlar üçün ayrılan qarajda saxlanılmalıdır.

Görüntülər gecə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyddəndir. İdarənin əməkdaşları Yasamal, Nərimanov, Səbail, Nizami və digər rayonlarda apardıqları yoxlamalar nəticəsində ictimai nəqliyyat sahəsində qənaətbəxş olmayan bəzi məqamları ortaya çıxarıb. Məlum olub ki, həmin ərazilərdə təxminən 100-ə yaxın avtobus işdən sonra binaların həyətlərində, səkilərdə, yolun hərəkət hissəsində və digər qanunla qadağan edilmiş ərazilərdə saxlanılır. Hətta yanacaqdoldurma məntəqələrini və ətraf əraziləri özünə dayanacaq seçən avtobus sürücülərinə də rast gəlinib.

Səhər isə saat 6-7 radələrində həmin sürücülərheç bir tibbi müayinədən keçmədən, nəqliyyat vasitəsinin texniki vəziyyəti yoxlanılmadan sükan arxasına əyləşərək sərnişindaşıma ilə məşğul olurlar. Bu isə ictimai nəqliyyat sahəsində təhlükəsizliyin tam təmin edilməsinə ciddi əngəl yaradır. Araşdırma zamanı həmçinin müəyyən edilib ki, reysə çıxan sürücülər hər gün tibbi müayinədən keçməli olduqları halda bəzi sərnişindaşıma şirkətləri həmin sənədi avtobusu idarə edən şəxslərə aylıq təqdim edirlər.

Dövlət Yol Polisi sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə bir daha xəbərdarlıq edir ki, hər bir nəqliyyat vasitəsi işdən sonra mütləq şəkildə qaraja aparılmalıdır. Qarajda nəqliyyat vasitəsi texniki cəhətdən yoxlanılıb, nasazlıq varsa aradan qaldırılıb, növbəti gün xəttə buraxılmalıdır. Sürücülər isə hər gün reys qabağı tibbi müayinədən keçirilməlidirlər. Sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər bunu mütləq şəkildə təmin etməlidir.

Xəbər lenti