Xəzər Xəbər

Tikinti sektorunda ciddi pozuntular var VİDEO

Veb TV | 20:52 • 10 Avqust 2018
Tikinti sektorunda ciddi pozuntular var

''Bəzi ''MTK'' sədrləri tikintiyə icazə sənədi olmadan başlayırlar. Bu da ciddi qanun pozuntusudur. Belə halların qarşısını almaq üçün tikililərlə bağlı monitorinqlər həyata keçirilir. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev rəhbərlik etdiyi qurumla Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi arasında əməkdaşlıq memorandumunun imzalanma mərasimində deyib. Tədbirdə tikinti ilə bağlı ən çox qanun pozuntusuna yol verən rayonların adı daaçıqlanıb.

''Azərbaycanda sahibkarlığın inkişafına hərtərəfli dəstək göstərilir, lakin təəssüflər olsun ki, bəzi hallarda tikinti sahəsində fəaliyyət göstərən sahibkarlar bu dəstəkdən sui-istifadə edirlər, sənədləşmə prosedurunu tam həyata keçirmədən tikintiyə başlayırlar''. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib. Onun sözlərinə görə,bu halların qarşısını almaq üçün lazımi tədbirlər görülür, eyni zamanda aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq edilir.

Qanunsuz tiklilərlə mübarizə sahəsində birgə mübarizə aparmaq məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında əməkdaşlıq Memorandumu imzalanıb. Samir Nuriyevbu əməkdaşlıq çərçivəsində təşkil olunacaq birgə fəaliyyətin ölkə ərazisində şəhərsalma, tikinti və memarlıq sahələrində müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, habelə bu istiqamətdə bəzi vəzifəli, hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınmasında mühüm rol oynayacağını deyib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev də son 6 il ərzində qanunsuz tikintilərlə bağlı rəqəmləri açıqlayıb. İdarə rəisi bu müddət ərzində məhkəməyə göndərilən cinayət işlərinin sayının 61, təqsirləndirilən şəxslərin sayının isə 89 olduğunu deyib.

Kamran Əliyev onu da bildirdi ki, tikinti sektoru ilə bağlı hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında istintaq edilən cinayət işlərinin sayı 16, təqsirləndirilən şəxslərin sayı 20, zərərçəkmiş şəxslərin sayı isə 812-dir. Həmin şəxslərə dəymiş ziyanın məbləği 40 milyon manatdan çoxdur. İdarə rəisi tikinti ilə bağlı ən çox qanun pozuntusuna yol verən rayonların da adını çəkib.

Tədbirdə iştrak edən həmin rayonların icra hakimiyyətlərinin nümayndələrinə belə halların qarşısını almaq məqsədi ilə birgə fəaliyyət göstərmək tapşırılıb.

Xəbər lenti