Xəzər Xəbər

Ziyalılar və dindarlar cinayət hadisəsini pisləyirlər VİDEO

Veb TV | 21:15 • 10 İyul 2018
Ziyalılar və dindarlar cinayət hadisəsini pisləyirlər

Elmar Vəliyevə qarşı törədilən cinayəti dini amillərlə əlaqələndirmək cəhdi heç bir məntiqə əsaslanmır. Çünki o, həmişə dinə və dindarlara olan xoş münasibəti, müsbət rəftarı ilə fərqlənib. Gəncənin ziyalıları, ağsaqqalları və dindarları bu fikirdədir.

Gəncənin axundları, ictimai siyasi xadimləri, ziyalıları və ağsaqqaları şəhərdə baş verən olaya münasibət bildiriblər.

Onların sözlərinə görə, Elmar Vəliyev Gəncəyə rəhbərlik etdiyi illər ərzində daim xalqın dini dəyərlərinə və inanclarına rəğbətlə yanaşıb, etiqad azadlığının təmin olunması üçün var gücü ilə çalışıb. Onun ibadətgah və ziyarətgahların abadlaşdırılması, dini ayinlərin icrasına əlverişli şərait yaratması ilə bağlı onlarla misal mövcuddur.

Gəncənin ziyalıları və ağsaqqalları deyirlər ki, bütün bu faktlara rəğmən Elmar Vəliyevin guya dini dəyərlərə qarşı çıxmasını iddia etmək bəzilərinin məkrli, çirkin, hansısa dairələrin maraqlarına xidmət edən niyyətlərindən xəbər verir.

Din xadimləri də deyirlər ki, icra başçısı haqda səsləndirilən iddialar absurd və məqsədlidir. Bunu onlar öz təcrübələrindən çəkdikləri misallarla təsdiq edirlər.

Şəhər ictimaiyyəti arasında artıq heç kim şübhə etmir ki, baş vermiş siyasi terror hadisəsini din pərdəsinə bükmək cəhdi, insanların inancını istismar etməyə hesablanmış məkrli bir plandır. Bu niyyətin arxasında hansısa gizli qüvvələrin dayanması isə şübhə doğurmur. Ancaq həmişə həqiqətin gözünə düz baxmağı bacaran gəncəlilər bu çirkin oyunlara heç vaxt alət olmayacaq.

Xəbər lenti