Xəzər Xəbər

Bu qanun layihəsi artıq hazırdır, plenar iclasa təqdim ediləcək VİDEO

Veb TV | 20:52 • 16 Aprel 2018
Bu qanun layihəsi artıq hazırdır, plenar iclasa təqdim ediləcək

Aprelin 16-da Milli Məclisin elm və təhsil komitəsinin iclası keçirilib.

Komitə sədri İsa Həbibbəyli gündəlik barədə məlumat verib.

Əvvəlcə iclasda "Peşə təhsili haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub. Komitə sədri İsa Həbibbəyli qanun layihəsini şərh edib. Bildirib ki, qanun layihəsi 5 fəsil, 26 maddədən ibarətdir. Qeyd olunub ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin birinci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Peşə təhsilinin məqsədinə Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli adət və ənənələrinə hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq, məsuliyyət və cavabdehlik hissi, öz qüvvəsinə inam və iradə aşılamaq, sərbəst qərar qəbul etmək və müstəqil öyrənmək meyilinin təşəkkülü, sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək və sairə daxildir. Peşə təhsili müəssisələrində təhsil müvafiq dövlət standartlarına uyğun olaraq Azərbaycan dilinin üstünlüyünü təmin etmək şərti ilə digər dillərdə də aparıla bilər. Peşə təhsili Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən və təhsilalanların bilik, bacarıq və vərdişlərinin mənimsənilməsini, ixtisaslarının daim artırılmasını, eyni zamanda, onların zəruri əmək bacarıqlarına yiyələnmələrini təmin edən prioritet fəaliyyət sahəsidir. Peşə təhsili təhsilalanların tərbiyəsinin milli mənəvi və bəşəri dəyərlər ruhunda, milli dövlətçilik marağı və azərbaycançılıq məfkurəsi əsasında formalaşdırılmasını təmin edir.

Qeyd olunub ki, peşə təhsili müəssisəsi əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edir. Peşə təhsili müəssisəsi aşkarlıq, şəffaflıq və demokratik prinsiplər əsas tutulmaqla "Təhsil haqqında” Qanuna, bu qanuna, digər aidiyyəti hüquqi normativ aktlara və öz nizamnaməsinə uyğun olaraq idarə edilir.

Deputatlar "Peşə təhsili haqqında” qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.

İclasda cari məsələlər də müzakirə olunub.

Müzakirə olunan qanun layihəsi səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Xəbər lenti