Xəzər Xəbər

Lavrov və Tillersondan Qarabağ mesajı: “Qərarları alqışlayırıq...” - VİDEO

Veb TV | 20:56 • 7 Dekabr 2017
Lavrov və Tillersondan Qarabağ mesajı:

Birləşmiş Ştatlar və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində yeni addımlar atılmasının vacibliyini bir daha vurğulayıb. Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin Vyana görüşü də pozitiv atmosferdə keçib. Ümumiyyətlə son zamanlar Dağlıq Qarabağ probleminin həlli ilə bağlı diplomatik aktivliyin artması böyük diqqət çəkir. Xarici işlər nazirliyinin sözçüsü Hikmət Hacıyev bütün bu məsələləri şərh edib. O, həmçinin ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinə rəsmi Bakının münasibətini də açıqlayıb.

Vyanada keçirilən ATƏT xarici işlər nazirləri şurasının iclasında diqqət çəkilən məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin həlli yolları idi. Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson ABŞ-ın Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrda keçirdikləri görüşdə danışıqları intensivləşdirmək qərarına gəlmələrini və münaqişə zonası boyunca gərginliyi azaltmaq səylərinə sadiqliklərini alqışladığını bildirib. Bundan başqa, onun dağlıq qarabağ münaqişəsinin həllində irəliləyiş əldə edilməsinin vacibliyini vurğulaması da diqqətdən yayınmayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da ATƏT-in Minsk qrupunun həmsədri olaraq Rusiyanın Dağlıq Qarabağ münaqişənin bütün tərəflər üçün məqbul olan həllinin axtarılmasına töhfə verməyə hazır olduğunu vurğulayıb. O bildirib ki, həll prinsipləri dəfələrlə Rusiya, Fransa və ABŞ prezidentləri tərəfindən qeyd olunub.

Bu açıqlamaların ardınca Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşü keçirilib. Görüşdən sonra həm Elmar Məmmədyarov, həm də Edvard Nalbandyanın görüşün müsbət ab-havada keçməsi ilə bağlı açıqlamaları münaqişənin həlli istiqamətində ciddi addımların atıldığına böyük ümidlər yaradıb. Xarici işlər nazirliyinin sözçüsü Hikmət Hacıyev də Azərbaycan tərəfinin görüşdən razı qaldığını bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü eyni zamanda Azərbaycanın Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinə də münasibət bildirib.

Onu da qeyd edək ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı elan edib və bu dünya ictimaiyyətinin ciddi narazılığı ilə qarşılanıb.

Xəbər lenti