Xəzər Xəbər

Azərbaycanlı deputat AŞPA üzvlərini qərəzli olmamağa çağırdı VİDEO

Veb TV | 15:26 • 12 Oktyabr 2017
Azərbaycanlı deputat AŞPA üzvlərini qərəzli olmamağa çağırdı

Azərbaycan hər zaman dialoqa açıq olub, heç vaxt qarşılıqlı müzakirələrdən çəkinməyib.

XəzərXəbər xəbər verir ki, bu fikri AŞPA-da qəbul edilən "Azərbaycanda demokratik təsisatların fəaliyyəti”, "Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” adlı qətnamələrin müzakirəsi zamanı təşkilatdakı nümayəndə heyətimizin üzvü Vüsal Hüseynov bildirib.

Deputat bildirib ki, Azərbaycan Avropa Şurası üçün hər zaman sadiq tərəfdaş olub, Avropa Şurası standartlarını və konvensiyalarının tələblərini yerinə yetirir. Bu irəliləyişlər Avropa Şurasının alt qurumları olan Moneyval, GRECO, CEPEJ və CPT tərəfindən qeyd edilib. Biz CPT hesabatlarının dərc olunmasını tələb edirik. Yeri gəlmişkən, bu hesabatların bir neçəsi bu yaxınlarda dərc olunub. Nə üçünsə CEPEJ və GRECO-nun hesabatlarında qeyd olunmuş müsbət irəliləyişlər əksini tapmayıb. Avropa Şurasının məhkəmə sisteminin səmərəliliyinə qiymət verən orqanı olan CEPEJ-in Azərbaycanda məhkəmə sistemində islahatların həyata keçirildiyini və inkişafın olduğunu qeyd etməsinə baxmayaraq, Azərbaycandakı məhkəmə sisteminin etibarlılığı necə sual altına salına bilər?

Digər məsələ açıq mənbələrdə olan məlumatlar və iddialardır. Dünən komitə iclasında hesabatlara müxtəlif düzəlişlər qəbul edildi və bu düzəlişlərin tək məqsədi sənədin dilini daha da sərtləşdirmək idi. "Mən bu düzəlişlərin müzakirə olunduğu əvvəlki komitə iclasında iştirak etmişdim və təklif edilən düzəlişlər həmin komitə iclasında qəbul edilməmişdi. Ancaq qəribədir ki, dünən onların hamısı qəbul edildi. Bu düzəlişlərə assambleya "çağırış edir” sözlərinin "təkid edir” sözləri ilə əvəz edilməsi kimi baxılmamalıdır. Bu məsələ bizim hesabatlara münasibətdə necə etinasız olduğumuzun göstəricisidir. Çünki biz açıq mənbələrdə olan iddiaları öz hesabatlarımıza daxil etməklə onlara legitimlik verir və gələcəkdə bu sənədlərin bəzi dairələrin kampaniyalarının alətinə çevrilməsinə və bizim fəaliyyətimizə təsir etməsinə imkan yaradırıq. Mənim üçün əsas olan narahatlıq budur, etinasız yanaşma”, - deyə nümayəndə heyətinin üzvü qeyd edib.

Vüsal Hüseynov deyib: "Hesabatda Azərbaycanda saxlanılmış bəzi şəxslərin adları qeyd edilir. Bəs niyə biz əfv və amnistiya sərəncamları ilə, humanistləşdirmə islahatları nəticəsində yüzlərlə insanın azad olunduğunu qeyd etmirik? Biz qeyri-hökumət təşkilatları barədə narahatlıqlarımızı qeyd edirik, ancaq bu sahədə bürokratik əngəlləri ləğv edən və narahatlıqlarımızı aradan qaldıran "Bir pəncərə” prinsipini təqdim edən Fərman haqqında danışmırıq?”

Milli Məclisin deputatı vurğulayıb ki, əlavələrin əksəriyyəti Azərbaycana qarşı aparılan kampaniyalarda iştirak edən həmkarlarımız tərəfindən təqdim olunub. Onlardan ikisi müxtəlif hesabatlarda adları erməni lobbisi ilə bağlı olduqları göstərilən Omtziq və Şvabbedir.

"Mən həmkarlarımı bu məsələlər barədə məlumatlı olmağa və səs verərkən etinasız yanaşmamağa çağırıram”, - deyə V.Hüseynov qeyd edib.


Xəbər lenti