Xəzər Xəbər

Prezident Ermənistana xəbərdarlıq etdi: “İstənilən təxribata cavab verəcəyik” - VİDEO

Veb TV | 20:56 • 19 İyun 2017
Prezident Ermənistana xəbərdarlıq etdi:

Ermənistan ordusunun cəbhədə növbəti təxribatı təccüb doğurmur. Çünki onların hər hansı mühüm tədbir ərəfəsinədə yaxud həmsədrlərin regiona səfəri zamanı belə addım atması artıq ənənə halını alıb. Prezidenti İlham Əliyev bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri görüşündə belə deyib.

Regiona növbəti dəfə səfər edən ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti, İqor Popov, Riçard Hoqland və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik prezident İlham Əliyevin qəbulunda olub. Görüşdə son günlər cəbhədə baş verən hadisələr xüsusi diqqət mərkəzində olub. Prezident İlham Əliyev bildirib ki, bu hadisələr Ermənistanın növbəti hərbi təxribatıdır. Dövlət başçısı deyib ki, bu təxribat nəticəsində bir Azərbaycan əsgəri həlak olub. Azərbaycan Ordusu həmişə olduğu kimi, adekvat cavab verib.

" Onlar, bilirlər ki, mülki əhali və hərbi qulluqçularımıza qarşı istənilən hərbi təxribata biz adekvat cavab verəcəyik. Azərbaycan tərəfini buna ona görə təhrik edirlər ki, sonra bizi atəşkəsi pozmaqda ittiham etsinlər. Hadisələrin xronologiyasına baxmağınız kifayətdir ki, nə vaxt Azərbaycan əsgərinin Ermənistan ordusu tərəfindən öldürüldüyünü və nə zaman buna Azərbaycan tərəfindən adekvat cavab verildiyini görəsiniz." Prezident İlham Əliyev belə deyib. Dövlət başçısı əlavə edib ki, baş verən hadisələrə və bunun gələcəkdə doğura biləcəyi nəticələrə görə məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür.

Prezident İlham Əliyev Azərbaycanın atəşkəs rejiminə sadiq olduğunu bildirib və əlavə edib ki, son vaxtlar təmas xəttində hökm sürən nisbi sakitlik danışıqlar prosesini sürətləndirmək üçün mühüm amildir. Lakin baş verənlər aydın şəkildə göstərdi ki, Ermənistan nəyin bahasına olursa-olsun Minsk qrupu həmsədrlərinin fəaliyyətini pozmağa çalışır. Çünki Ermənistan diqqəti yalnız təhlükəsizlik məsələlərinə yönəltmək istəyir və bu cür təxribatlar Azərbaycanı atəşkəsi pozmaqda günahlandırmaq üçün bir bəhanədir.

Minsk qrupunun rusiyalı həmsədri İqor Popov isə baş verən ciddi atəşkəs pozuntusunun dərin təəssüf hissi doğurduğunu və bunun onların yekun bəyanatında əksini tapacağını bildirib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



Xəbər lenti