Prezidentin köməkçisi: Ermənistan çoxsaylı hərbi və insanlıq əleyhinə cinayətlər törədib - VİDEO

30.10.2020 22:02

"Ermənistan çoxsaylı hərbi və insanlıq əleyhinə cinayətlər törədib". Bunu Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində dinc əhaliyə qarşı törədilmiş cinayət işlərinin istintaqının ilkin nəticələrinə dair brifinqdə prezidentin köməkçisi Hikmət Hacıyev deyib. Baş prokuror Kamran Əliyev isə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının statistikası açıqlanıb.

''Prezidentin tapşırığı ilə Ermənistanın Azərbaycana vurduğu ziyanın araşdırılması aparılacaq''. Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səfirlərlə keçirilən görüşdə deyib. Onun sözlərinə görə, bu vaxta kimi səthi gedən proses torpaqlar işğaldan tam azad olunduqca daha dəqiq formada davam etdiriləcək.

Hikmət Hacıyev həmçinin onu da bildirib ki, dövlət hüquqi müstəvidə xalqımıza qarşı törədilən hərbi cinayətlərə görə hüquqi təqib addımlarını atacaq. Bu cinayətlər beynəlxalq platformalarda zəruri qiymətini almalıdır. Onun sözlərinə görə, bütün bunların qiymətləndirilməsi üçün hərbi tribunalın yaradılmasına ehtiyac var. Hikmət Hacıyev Ermənistanın Dağlıq Qarabağda qanunsuz məskunlaşdırma siyasətini də kəskin pisləyib.

Hikmət Hacıyev qeyd edib ki, işğal edilmiş ərazilərdə mədəni abidələrin məhv edilməsi, həmçinin bu ərazilərin qazanc məqsədilə istifadəsi də hərbi cinayətlərdir. Həmin ərazilərdə qeyri-qanuni iqtisadi əlaqələr də qurulub, mineral yataqlar qanunsuz şəkildə istismar edilib və ölkədən kənara çıxarılıb. Hikmət Hacıyev bu gün işğaldan azad edilən Zəngilan rayonu Vecnəli kəndindəki qızıl yatağının düşmən tərəfindən necə istifadə edilməsi məsələsinə də aydınlıq gətirib.


1-ci vitse prezidentin köməkçisi Elçin Əmirbəyov isə bildirib ki, oktyabrın 27-də Azərbaycan Avropa Məhkəməsinə müraciət edib. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində xeyli sayda insan haqları pozuntusu qeydə alınıb.


Baş Prokuror Kamran Əliyev sentyabrın 27-dən bu günə qədər Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 52 cinayət işi başlandığını deyib. Həmin cinayətlərdən 39-u Azərbaycanın yaşayış məntəqələrinin raket atəşinə tutulması ilə bağlıdır.

Baş Prokuror diplomatların nəzərinə onu da çatdırıb ki, Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 7 ailə tamamilə məhv olub. Düşmənin bu vandal əməli nəticədə 4 uşaq hər iki valideyni itirib.

Kamran Əliyev Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş cinayət əməllərinə görə Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Arman Babacanyan barəsində də Baş Prokurorluğun Istintaq idarəsi tərəfindən cinayət işi başlandığını və onlar barəsində beynəlxalq axtarış aparıldığını da bildirib.


© xezerxeber.az

FOTOQALERIYA






245 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR