Gəncə terrorunun kiçik qurbanı 13 yaşlı Artur - VİDEO

24.10.2020 22:05

Erməni terrorunun acı nəticələri davam edir. Oktyabrın 17-də Gəncəyə ermənistan ərazisindən ballistik raket atılması nəticəsində ağır yaralanan 13 yaşlı yeniyetmə bu gün gözlərini əbədi olaraq yumdu. Gəncə terrorunun sayca 26-cı qurbanı, Rusiya vətəndaşı olan Artur Mayakov bu gün dəfn edilib.

Bir həftə komada qaldı, həyat və ölüm arasında mübarizə apardı. Ancaq bütün səylər hədər getdi. Ermənistan silahlı qüvvələrinin Gəncəyə atdığı ballistik raket nəticəsində ağır yaralanan Artur bu gün həyata vida etdi.

Gəncənin ən müasir və tam təchizatlı xəstəxanasında Arturun həyatı uğrunda həkimlərin apardığı mübarizə təəssüf ki, nəticə vermədi. Bununla Ermənistan tərəfindən sadəcə bir raket zərbəsi nəticəsində ölənlərin sayı 15-ə, Gəncə qurbanlarının ümumi sayı isə 26-a yüksəldi.

Arturun nənəsi deyir ki, bu dözülməz acı ilə bağlı rusiyalı jurnalistlərə də etirazını bildirib. Deyib ki, Rusiya görsün ki onun himayə etdiyi erməni quldurları nə dərəcədə vəhşi və amansızdır.

Arturun dostları, oyun yoldaşları üçün isə bu ağrı hələ uzun müddət təzə qalacaq.

Artur Mayakov bu gün dəfn edilib. Rusiya vətəndaşı olan 2007-ci il təvəllüdlü Artur Mayakovun ölümü ilə bağlı Prezidentin Köməkçisi - prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Xarici İşlər Nazirliyi vasitəsilə bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə məlumat verilib.

Arturun ölümü ilə bağlı Rusiyanın Azərbaycandakı səfirliyi də açıqlama verib. Qeyd edilib ki, səfirlik həlak olanın doğmaları və yaxınları ilə təmasdadır və onlara başsağlığı verir.

 

© xezerxeber.az

FOTOQALERIYA






335 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR