"Xəzər" TV-dən ekologiyanın qorunmasına dəstək - VİDEO

12.08.2020 21:49

Xəzər televiziyasının kollektivi 14 ildir ki, qeyd edilən beynəlxalq "Xəzər günü"nü bu dəfə dənizin sahilində tullantıları təmizləyərək keçirdi. Xəzər TV və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə layihəsi olan tədbirdə nazir Muxtar Babayev, Xəzər TV-nin baş direktoru Murad Dadaşov və televiziyanın kollektivi, habelə ekologiya könüllüləri iştirak ediblər. Tədbir maraqlı görüntülər və anlarla yadda qalıb.

 

Xəzər dənizinin Zirə qəsəbəsində olan sahil xətti bu gün fərqli bir günə şahidlik etdi.

 

Çünki, "Xəzər günü" adlı tarixi bir gündə sahil xəttini tullantılardan təmizləyənlər, gündəmində ətraf-mühit məsələlərinə geniş yer ayıran Xəzər TV kollektivi idi.

 

"Xəzər günü"nün qeyd edilməsində məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir. Tədbirdə iştirak edən Ekologiya və Təbii Sərvətlar Naziri Muxtar Babayev mərkəzi kanalizasiya sistemi olmayan obyektlərin çirkab sularının dənizə axıdılmasının qarşısını almaq üçün tədbirlərin görüldüyünü bildirib. Ancaq o bu işdə vətəndaşlarının dəstəyinin böyük rol oynadığını da deyib.

 

Aksiyaya qatılan Xəzər TV-nin baş direktoru Murad Dadaşov sosial təbəqəsindən asılı olmayaraq hər kəsin Xəzər dənizinin ekologiyasına həssas yanaşmasının önəminə diqqət çəkib.

 

Tədbirdə iştirak edən BMT-nin rezident nümayəndəsinin müavini Şaru Bist isə Xəzər dənizini qorumaq üçün Azərbaycanda həm dövlət, həm də qeyri-hökümət təşkilatları ilə yaxından əməkdaşlıq etdiklərini bildirib.

 

Xəzər Media Qrup və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkil etdiyi sosial aksiyada Xəzər TV-nin tanınmış simaları da iştirak ediblər. Xəzərin sahilində gördükləri maraqlı anları, həm də Xəzərin qorunması ilə bağlı fərqli fikirlərini "XəzərXəbər"lə bölüşüblər.

 

"Xəzər günü"nə həsr olunmuş tədbir sonra Abşeron Milli Parkında davam edib. Burada iştirakçılara yaradıcılıq nümunələri, müasir rəssamların instalyasiya janrında tullantılardan yaratdığı kreativ incəsənət nümunələri nümayiş etdirilib. Tədbirdə Xəzər dənizinin hazırki resurslarının gələcək nəsillərə olduğu kimi çatdırılmasının önəmindən bəhs edilib.

 

Onu da qeyd edək ki, 14 il öncə bu gün Xəzəryanı dövlətlər Xəzər dənizinin ekologiyasını qorumaq məqsədilə birgə konvensiya qəbul ediblər. Elə bu tarixdən etibarən həmin gün "Xəzər günü" kimi qeyd edilir.

© xezerxeber.az

FOTOQALERIYA






385 dəfə oxunub

ÇOX OXUNANLAR