Bakıda boru partlayıb, sahibkarlara məxsus anbarlar suyun içində qalıb - VİDEO

05.04.2020 20:07

Bakıda su borusu partlayıb və axan su satış üçün gətirilən malların olduğu anbarlara dolub. Nəticədə elektrik malları, mebellər, qab-qacaq və açılmamış yüzlərlə digər mallar suyun altında qalıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə dünən gecə saat 23:30 radələrində baş verib. Yolun digər tərəfindəki su borusunun partlaması nəticəsində Sədərək Ticarət Mərkəzində satılan malların anbarlarına daxil olub. Açılmamış yüzlərlə bağlamalar suyun altında qalıb. Baş verən hadisə nəticəsində sahibkarlara ciddi maddi zərər dəyib. Onların satış üçün gətirdikləri malların böyük hissəsi sudan ziyan görüb.

Sahibkarlar iddia edirlər ki, həmin kanal "Azərsu” ASC-yə aiddir. Yaxınlıqdakı göl qurum tərəfindən qurudulub və qrunt sularının axıdılması üçün xətt çəkilib. Qəza da məhz həmin xəttdə baş verib.

Əraziyə "Azərsu” ASC-nin qəza xidmətinin əməkdaşları gəlib. Anbarlara dolan suyun xüsusi texnikalar vasitəsi ilə çıxarılmasına başlanılıb.

Məsələyə "Azərsu” ASC də münasibət bildirib. Qurumun mətbuat katibi Anar Cəbrayıllı deyib ki, orada qurumun heç bir infrastrukturu yoxdur.

"Yəni hadisə baş verən yerdə "Azərsu” ASC-nin nə kanalizasiya xətti var, nə də ki, kollektoru. Çox güman ki, baş verən hadisə dünən yağan yağışla bağlı olub”,- deyə Anar Cəbrayıllı bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






518 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR