Koronavirusun təsirinin azaldılması üçün hazırlanmış proqramların həcmi 2,5 milyard manatdır - VİDEO

01.04.2020 21:02

İqtisadi sektorlar və sahibkarlar üçün hazırlanan dövlət dəstəyi proqramlarının həcmi 2,5 milyard manatdır.

Xezerxeber.az-ın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Bəxtiyar Əliyev deyib.

O bildirib ki, dövlət dəstəyinin göstərilməsi ilə bağlı 10 proqram hazırlanıb. Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Birinci və əhatəli olan proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir.

9 fəaliyyət istiqaməti isə əhəmiyyətli mənfi təsirə məruz qalıb. Bu sahələrə 70%-lik dəstək tətbiq ediləcək. Proqramın tətbiq mexanizmi ondan ibarətdir ki, burada işçinin real maaşı və ya respublika üzrə orta aylıq əmək haqqı əsas götürüləcək. Yanvar ayının nəticələrinə görə, respublika üzrə orta aylıq əmək haqqı 712 manat təşkil edib. Proqram çərçivəsində aylıq əməkhaqqı fondunun 50%-nin birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara və müəssisələrə ayrılması təklif edilir.

Dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar da faydalanacaq. Burada baza kimi mikro sahibkarların 2019-cu il ərzində həyata keçirdiyi vergi ödənişlərinə istinad ediləcək, ödənişlərin və birbaşa yardımların edilməsi həmin bazaya əsasin həyata keçiriləcək.

Növbəti 2 proqram isə bank sektoru ilə bağlıdır. Burada İpoteka kreditləri ilə bağlı güzəştlər də öz əksini tapıb. Güzəştlərdə hazırkı şəraitlə yanaşı post-pandemiya dövrü də nəzərdə tutulub.

Pandemiyadan zərər çəkən sahələr, o cümlədən mikrosahibkarlıq subyektləri üçün vergi güzəştləri də nəzərdə tutulub. Burada ilk növbədə tibbi və ərzaq məhsullarının təminatında problemin olmaması hədəflənib.

Əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması proqramı da təkliflər arasında yer alıb. Əhalinin həssas qrupları xüsusilə nəzərə alınacaq. Həmin qrup üçün elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kvts. həcmində müddətli artırılması nəzərdə tutulur.

Ümumilikdə, bu, 2,5 milyard manatlıq dəstək sistemidir və Azərbaycanın Ümumi Daxili Məhsulunun 3%-ni təşkil edir. İqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə də regionda bu həcmdə dəstək paketi nəzərdə tutulub. Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və hazırda digər dəstək mexanizmləri üzərində iş gedir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






232 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR