Dövlət biznesə 2,5 milyard manatlıq - DƏSTƏK VERƏCƏK - VİDEO

31.03.2020 20:59

Mövcud vəziyyətdə dəstək proqramlarına ayrılacaq vəsaitlərin həcmi 2.5 milyard manatdır. Bunu XəzərXəbər-ə açıqlayan İqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin icraçı direktoru Vüsal Qasımlı kredit ödənişlərində güzəşt ediləcəyini də bildirib. Yeni alınacaq kreditlərdə isə faizlərin böyük qismini dövlət öz üzərinə götürəcək. Heç bir yerdə rəsmi işçi kimi işləməyənlər isə müxtəlif dəstək proqramlarına cəlb olunacaq...

Dövlət tərəfindən dəstək göstəriləcək 4 sahə və 20 istiqamət artıq bəllidir. Bunu Xəzər Xəbərə müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. Onun sözlərinə görə müxtəlif sahələri əhatə edən 9 proqram işlənib hazırlanıb. Bunlardan ən önəmlisi 44 min sahibkar və 308 min muzdlu işçiyə dəstəyin verilməsini nəzərdə tutur. Başqa bir proqram isə 290 min mikrosahibkara dəstəyin verilməsini nəzərdə tutur. Bu sahibkarlara vergi güzəştləri tətbiq olunacaq. Dəstək proqramları icra edilərkən mövcud vəziyyətdən ən çox, əhəmiyyətli dərəcədə və az zərər çəkən katoqoriyalar üzrə addımlar atılacaq. Vüsal Qasımlının sözlərinə görə dəstək proqramı üçün ayrılan ümumi vəsaitin həcmi də 2 dəfədən çox artırılıb.

Vüsal Qasımlı bundan sonra veriləcək kreditlərə də böyük həmcdə dövlət dəstəyi göstəriləcəyini bildirib. Belə ki, əgər vətəndaşlar 15 faizlə kredit alırsa onun 10 faizini dövlət ödəyəcək. Bundan başqa sahibkarların aldığı kreditlərin də yarısını dövlət öz hesabına təmin edəcək.

Hazırda krediti olan vətəndaşlar və sahibkarlarla bağlı da güzəştlər nəzərdə tutulub.Bu ödəmə müddətinin uzadılması, eləcə də borc faizlərinin hesablanmaması və ödəniş olmasa gecikdirilmə kimi qəbul edilməməsi formasında özünü göstərə bilər. Ancaq bu güzəştlərin edilməsi üçün müəyyən məqamlar nəzərə alınacaq.

Bundan başqa kommunal xidmətlərin ödənişi ilə bağlı da bir sıra güzəştlər tətbiq olunacaq. Bu məsələdə limitlərin tamamilə aradan qaldırılması artıq təkliflərdə öz əksini tapıb. Ən önəmli məsələlərdən biri isə heç bir yerdə rəsmi iş yeri olmayan şəxslərə dəstəyin göstərilməsidir. Bu şəxslər dövlət tərəfindən ünvanlı sosial yardım, özünəməşğulluq proqramı, eləcə də ictimai işlərə cəlb olunmaqla lazımı dəstəyi ala biləcəklər. Hazır olan təkliflər Nazirlər Kabineti tərəfindən təsdiq olunandan sonra onların icra mexanizmi də açıqlanacaq.

© xezerxeber.az


211 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR