Güclü külək bəzi bölgələrdə binaların dam örtüklərini uçurub - VİDEO

25.02.2020 19:12

Güclü külək Gəncədə uşaq bağçalarından birinin damını uçurub. Bəzi küçələrdə isə ağaclar aşıb. Elektrik naqillərinə ziyan dəyib. Şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Xezerxeber.az-ın məlumatına görə, səhər saatlarından başlayan güclü külək Goranboyda da fəsadlar törədib. Təbiət hadisəsi rayonun Aşağı Ballıqaya kəndində dam örtüyünü yerə atıb. Hadisə kənd sakini Mayıl Məmmədova məxsus həyət evində baş verib. Güclü küləyə tab gətirməyən çardaq mənzilin elektrik naqillərini və sayğacı sındırıb.

Əsən güclü külək nəticəsində Qızılhacılı qəsəbəsində orta məktəbin yaxınlığında olan quru ağac məktəbin həyətinə düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Külək nəticəsində Goranboyun Nərimanlı və Boluslu kəndlərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Güclü külək Xaçmaz şəhərində də bir sıra fəsadlara yol açıb. Şəhərin Nəriman Nərimanov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının damı uçub. Rayonun bir neçə yerində ağacları və işıq dirəklərini külək aşırıb. Nəticədə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Tərtər şəhər 6 nömrəli orta məktəbin də dam örtüyü uçub. Bununla əlaqədar olaraq həmin təhsil müəssisəsində dərslər dayandırılıb. Rayonun Hacıqərvənd kəndində ictimai binanın dam örtüyü külək səbəbindən minik avtomobilinin üstünə düşüb, maşın əzilib.

Güclü külək Bərdə rayonunda yaşayış binasının dam örtüyünü uçurub. Küləyin təsirindən Bərdə-Yevlax avtomobil yolunun kənarında yerləşən 20-yə yaxın irigövdəli ağac aşıb. Yeni Daşkənd kəndində Arzuman Məmmədova məxsus yaşayış evinin damı tamamilə dağılıb.

Külək səbəbindən elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






259 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR