Prezident İlham Əliyev Paşinyana tarix və siyasət dərsi keçdi, erməni yalanlarını ifşa etdi - VİDEO

16.02.2020 18:51

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təmkinli, tutarlı və sənədlərə əsaslanan çıxışı həm xarici, həm də yerli mediada böyük marağa səbəb oldu.

Xezerxeber.az-ın məlumatına görə, ilk olaraq dövlət başçısının belə mötəbər bir konfransda Ermənistan baş naziri ilə debatı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından böyük önəm daşıyır. Nəzərə alsaq ki, həmin debat bir sıra tanınmış kanallar tərəfindən canlı olaraq yayımlanıb və bu o deməkdir ki, Azərbaycan həqiqətlərini eyni anda milyonlarla insan daha dərindən öyrənib.

Ancaq bundan daha vacibi Ermənistan baş nazirinin heç bir fakta əsaslanmayan və yalnız erməni şovinistlərinin ideallarından doğan iddialarının yerlə-yeksan olması idi. Müzakirə zamanı Prezident İlham Əliyev Ermənistan baş nazirinə əsl tarix dərsi keçdi. Çıxışını yalnız rəsmi sənədlər və bütün dünyaya bəlli olan gerçəklər üzərində quran Prezident İlham Əliyev nəinki Nikol Paşinyanın dünya ictimaiyyətini aldatmaq cəhdlərinin qarşısını aldı, eyni zamanda, Ermənistan baş nazirinin bir lider kimi nə qədər savadsız, səriştəsiz olduğunu dünyaya nümayiş etdirdi.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirir ki, Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin çıxışı və ortaya qoyduğu mövqe Ermənistanın həm əsl simasını dünyaya nümayiş etdirdi, həm də daha böyük, sanballı auditoriya Dağlıq Qarabağ həqiqətlərini öyrənmiş oldu.

Prezident İlham Əliyev konfransdakı auditoriyanın Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlı olmaları üçün yaxın tarixə kiçik ekskursiya edərək problemin kökünü ortaya qoydu. Ancaq Ermənistan baş naziri ortaya hansısa tarixi fakt qoya bilmədiyindən erməni dərsliklərindəki bəzi əfsanələrdən danışmaqla kifayətləndi. Bu da onu göstərdi ki, Paşinyan Dağlıq Qarabağın Ermənistana aid olması ilə bağlı heç bir fakta, sənədə sahib deyil.

Hikmət Hacıyev dövlət başçısının tutarlı faktları qarşısında Nikol Paşinyanın böyük bir auditoriya önündə çətin bir vəziyyətdə qaldığını vurğulayıb.

Bundan başqa dövlət başçısı Dağlıq Qarabağın Azərbaycana aid olmasının bütün beynəlxalq ictimaiyyət tərəfindən bilinən bir gerçək olduğunu vurğulayaraq Paşinyanın iddialarının heç bir sənədə söykənmədiyini ortaya qoydu. Prezident İlham Əliyev beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrdən danışdı və faktlar əsasında göstərdi ki, beynəlxalq birlik işğal faktını pisləyir.

Debatda həmçinin Xocalı soyqırımı ilə bağlı Paşinyanın "feyk"iddialarına da tutarlı cavab verildi. Prezident İlham Əliyev tarixi bir cinayəti ermənilərin necə təhrif etdiyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Prezident İlham Əliyev Paşinyanın riyakarlıq edərək özünü sülh tərəfdarı kimi təqdim etməsinə dünən cəbhədə Ermənistan ordusu tərəfindən azərbaycanlı hərbçinin vurulmasının sülh təşəbbüsü ilə uzlaşmadığını deməklə reaksiya verdi. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan əsgərinin ölümünü inkar etdiyi halda, Paşinyan bunu etiraf etdi. Bu isə onu göstərir ki, Ermənistan münaqişənin həllində maraqlı deyil.

Paşinyan guya hakimiyyətə gələndən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı "mikroinqilablar" etdiyinə diqqət çəkmək istədi. Ancaq bütün dünya ictimaiyyəti də Azərbaycan da yaxşı bilir ki, Ermənistan hər dəfə danışıqların həlledici mərhələsində bir bəhanə ilə kənara çəkilir və bu da həmin variantlardan birindən başqa bir şey deyil. Ona görə də onun bu fikirləri heç kimə maraqlı gəlmədiyi üçün özü məcbur olub danışmalı oldu.

Ən maraqlı məqamlardan biri isə bu oldu ki, bütün debat boyunca özünü konstruktiv göstərməyə çalışan Paşinyan müzakirələrin sonunda şovinist mövqeyindən əl çəkə bilmədi. Erməni əfsanələrinə geri qayıdan Paşinyan "Tiqranın vaxtında regionda yalnız ermənilər və gürcülər vardı" deməklə yenidən öz real mahiyyətini ortaya qoymuş oldu.

Prezident İlham Əliyevin bu məqamda "ermənilər və ermənilər" replikası bir tərəfdən Paşinyanın yalanını ifşa etdi, digər tərəfdən də ermənilərin tarixi həqiqətləri təhrif etmək və hər şeyi özününküləşdirmək xislətini göstərdi. Paşinyanın bu fikri həm də bu bölgədə tarixən yaşayan digər xalqlara qarşı hörmətsizlik kimi qəbul edilməlidir.

Çıxış zamanı Ermənistan baş nazirinin ingilis dilində çox bəsit danışması və fikrini izah etməkdə ciddi çətinlik çəkməsi də diqqətlərdən yayınmayıb. Bir sıra erməni yazarları və ictimaiyyət nümayəndələri də Paşinyanın çıxışını rəzillik adlandırıblar və onu Ermənistanı gülünc vəziyyətinə salmaqda ittiham ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






432 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR