Prezident: Yenilənmiş Milli Məclis Azərbaycanda aparılan islahatların vacib hissəsi olacaq - VİDEO

22.01.2020 20:17

''Azərbaycan əhalinin həyat səviyyəsini Avropa Birliyi standartlarına çatdırmağa çalışır''. Bunu prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun "Strateji Baxış: Avrasiya" konfransındadeyib. Dövlət başçısı Azərbaycanda bir sıra sahələrdə görülən işlər barədə məlumat verib. Prezident yenilənəcək Milli Məclisin Azərbaycanda aparılan islahatların vacib hissəsi olacağının anonsunu da verib.

''Azərbaycanda fevralın 9-na təyin olunan növbədənkənar parlament seçkilərinin nəticələri əsasında formalaşdırılacaq Milli Məclisin yeni tərkibi ölkədə aparılan sosial-iqtisadi islahatların vacib hissəsi olacaq.'' Bu sözləri Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun "Strateji baxış: Avrasiya" konfransında deyib. Prezidentin sözlərinə görə, Azərbaycanda aparılan islahatlar çərçivəsində ölkə hökumətinin tərkibi əhəmiyyətli dərəcədə yenilənib.

Prezident Azərbaycanın qonşu ölkələrə qarşı dostluq siyasəti yürütdüyünü vurğulayıb və deyib ki, milli maraqlar Azərbaycan üçün hər şeydən üstündür. Dövlət başçısı əlavə edib ki, Azərbaycan müstəqil siyasət yürüdür, Qoşulmama Hərəkatının, habelə bir sıra beynəlxalq assosiasiyaların üzvüdür..

Prezident vətəndaşların rifahı üçün görüləcək işlərdən də danışıb.

Dövlət başçısı deyib ki, Azərbaycan rəhbərliyi 2019-cu ildə 2,5 faiz təşkil edən inflyasiyanı saxlamağa çalışır. Əhalinin gəlirlərinin artımı həmişə inflyasiyanı üstələməlidir, eyni zamanda, iş yerlərinin yaradılması templəri də demoqrafik artımı ötməlidir. Azərbaycanın xarici borcu azaltmağa çalışdığını vurğulayan Prezident çıxışında regionda təhlükəsizlik məsələsinə də toxunub və Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini forum iştirakçılarının diqqətinə çatdırıb.

Prezident çıxışının sonunda Azərbaycanda siyasi və iqtisadi risklərin olmadığını deyib. Dövlət başçısı əlavə edib ki, ölkə stabildir, inkişaf davamlıdır, vətəndaşlarımız üçün yeni imkanlar yaradacaq geniş islahatlar proqramı həyata keçirilir.

© xezerxeber.az


276 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR