Yem bazarında qiymətlər od tutub yanır - VİDEO

30.12.2019 18:47

Bölgələrdə ot bağlamaları bahalaşıb. Bu da təbii ki, təsərrüfat sahiblərini çətin vəziyyətə salıb. Indi onlar bir bağlama ot üçün 3-6 manat arasında xərcə düşməlidirlər. Üstəlik, hələ qış mövsümü təzə başlayıb və bundan sonra da qiymətlərin artması istisna deyil. Bəs bu bahalaşma nə ilə əlqədardır?

Yem bazarında qiymətlər od tutub yanır. Tovuzda havaların qeyri-sabit keçməsi ot bağlaması və yemə olan tələbatı iki dəfəyədək artırıb və bu da qiymətlərə təsir edib. Bu isə təsərrüfat sahiblərini narazı salıb.

Satıcılar isə deyirlər ki, hazırda bölgədə ot az olduğundan bağlamalar uzaq rayonlardan gətirilir. Belə olan halda satıcı yol xərclərini də satış qiymətinə əlavə edir.Baha olsa da, yonca bağlamalarına tələbat daha çoxdur.

Yem bazarında isə daha çox kökəltmə məqsədi ilə istifadə olunan yemlər satılır. Ot bağlamalarından fərqli olaraq, bu yemlərdə qiymət bahalaşması müşahidə olunmur.

Cəlilabadda da ot bahalaşıb. Bir neçə həftə əvvəl 3 manat - 3 manat 50 qəpiyə satılan ot bağlamaları hazırda 5 manata təklif olunur.

Hazırda ən keyfiyyətli yem hesab edilən yonca bağlamasının qiyməti tərkibinə görə dəyişir. Qarışıq ot tərkibli yonca bağlaması alıcıya 4, yonca bağlaması isə 5 manata təklif olunur. Təbii ot bağlaması 3 manat 50 qəpik, ən ucuz başa gələn saman bağlaması isə 1 manat 70 qəpikdir.

Bahalaşmanın səbəbi quru ot yeminə tələbatın artması ilə izah olunur. Satıcıların sözlərinə görə, pambıq gəlirli sahə olduğuna görə əkinçilər yonca əkininə az maraq göstərirlər.

Şəkidə də bənzər mənzərə yaşanmaqdadır. Ot taylarının qiyməti hazırda 3-6 manat arasında dəyişir. Hazırda ən çox satılan arpa yeminin qiyməti 42-50 qəpik, buğda yeminin qiyməti isə 40-46 qəpik arasında dəyişir. Qiymətlərin bu qədər baha olmasının səbəbini yemcilər havaların quraq keçməsi və arpanın qıt olması ilə əlaqələndirirlər.

Ümumiyyətlə, fermerlər bildirirlər ki, növbəti günlərdə qar yağarsa, qiymətlərin daha da bahalaşacağını istisna olunmur.

© xezerxeber.az


250 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR