Prezident Pirşağıda avtomobil tunelinin açılışında - VİDEO

29.12.2019 19:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində inşa edilən avtomobil tunelinin açılışında iştirak edib.

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yol-nəqliyyat infrastrukturunda həyata keçirilən genişmiqyaslı işlər bu sahənin müasir səviyyəyə çatmasında böyük rol oynayıb. "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən paytaxtın Pirşağı qəsəbəsində avtomobil tunelinin inşası da bunu bir daha sübut edir. Bu, eyni zamanda, ölkəmizin hər yerində, o cümlədən paytaxtın yol və nəqliyyat sektorunun təkmilləşdirilməsi, yeni yolların salınması, mövcud yol təsərrüfatının ən müasir səviyyədə yenidən qurulması istiqamətində icra olunan vacib layihələrin ardıcıl xarakter aldığını göstərir. Bu layihələrin icrasından paytaxtla yanaşı, Bakıətrafı kənd və qəsəbələrdə yaşayan vətəndaşlar da bəhrələnirlər. Bütün bunlar dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığının aydın təzahürüdür.

Yeni tunelin inşası qatarların və avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bərabər, tıxacların qarşısının alınması, sürücülərin və sərnişinlərin mənzil başına vaxtında və rahat çatması baxımından da mühüm rola malikdir. Abşeron dairəvi dəmir yolu xətti üzrə dəmir yolunun avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün ümumilikdə 15 avtomobil tuneli layihələndirilib. Bunlardan 7-si artıq istismara verilib, 7-də isə tikinti-quraşdırma işləri davam etdirilir. Pirşağı qəsəbəsində yerləşən bu tunel Bakı dairəvi avtomobil yolu ilə Abşeron dairəvi dəmir yolunun 28-ci kilometrliyində kəsişir. Tunelin qapalı hissəsinin uzunluğu 160, eni 31, hündürlüyü 6, ümumi uzunluğu isə 566 metrdir.

Dəmir yolu xəttinin avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində bu cür tunellərin inşası çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu layihə qatarların sürətli, fasiləsiz və qrafikə uyğun hərəkətinin təmin edilməsində vacib rol oynayır. Bu, eyni zamanda, avtomobillərin də hərəkətinin intensivliyini təmin edir. Beləliklə, qatarlarla avtomobillərin hərəkəti bir-birinə mane olmadan təhlükəsiz həyata keçirilir.

Sonra dövlətimizin başçısı tunelin rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

*****

Dekabrın 29-da Bakının Səbail rayonunun Badamdar qəsəbəsində "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq "Müşfiq” və 110/35/10 kilovoltluq "Zabrat” yarımstansiyaları istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

"Azərenerji” ASC-nin prezidenti Baba Rzayev yarımstansiyalarda görülən yenidənqurma işləri barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, 2018-ci ilin sentyabrından ölkəmizin enerji sistemində islahatların keyfiyyətcə yeni mərhələsinə start verilib, yerli və xarici mütəxəssislərin rəyi nəzərə alınmaqla 2018-2021-ci illəri əhatə edən mükəmməl Reabilitasiya Proqramı hazırlanaraq dərhal icrasına başlanılıb. Bu proqramın həyata keçirilməsində əsas məqsəd itirilmiş gücləri bərpa etmək, enerji sisteminin etibarlılığı və dayanıqlılığını təmin edib inkişafa nail olmaqla yanaşı, 800 meqavatdan artıq "itirilmiş” gücü bərpa etməkdir. Bu günə qədər 400 meqavat itirilmiş güc artıq bərpa olunub.

Diqqətə çatdırılıb ki, "Azərenerji” ASC 12 elektrik stansiyasında və sistem əhəmiyyətli 20-dək yarımstansiyada tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir. Ötən ildən başlayaraq mövcud 87 yarımstansiyadan ikisində yenidənqurma işləri artıq başa çatdırılıb, 20-dək yarımstansiyada isə bu tədbirlər davam edir. 220/110/10 kilovoltluq "Müşfiq” və 110/35/10 kilovoltluq "Zabrat” yarımstansiyaları da ən müasir standartlar səviyyəsində yenidən qurulub. Silsilə tədbirlər sayəsində "Müşfiq” və "Zabrat” yarımstansiyalarının dayanıqlılığı, etibarlılığı və təhlükəsizliyi təmin olunub.

Prezident İlham Əliyev "Müşfiq” yarımstansiyasını işə saldı.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən genişmiqyaslı islahatlar enerji sektorunu da hərtərəfli əhatə edib. Azərbaycanın elektrik enerjisi təsərrüfatında köklü islahatların növbəti mərhələsi uğurla reallaşdırılır, enerji sisteminin etibarlılığının təmin edilməsi və bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün ardıcıl və kompleks tədbirlər geniş vüsət alıb. Son illərdə çoxsaylı yeni elektrik stansiyalarının və yarımstansiyaların açılışı, mövcudlarının bərpası ilə yanaşı, bərpaolunan enerjidən istifadəyə də geniş yer ayrılması istiqamətində çox mühüm layihələr icra olunub. Bütün bunlar göstərir ki, hazırda ölkəmizdə enerji sektorunun inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə xüsusi önəm verilir. Görülən işlərin nəticəsidir ki, hazırda Azərbaycan öz daxili enerji tələbatını tam ödəməklə yanaşı, elektrik enerjisini ixrac da edir. Bu işlər ümumilikdə ölkəmizin iqtisadi potensialının möhkəmləndirilməsinə xidmət etməklə, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlu nəticələrinin göstəricisi kimi də xarakterizə olunur. Respublikamızın elektroenergetika sistemi ötən müddətdə tanınmaz dərəcədə dəyişib və bütün yenidənqurma tədbirləri perspektiv də nəzərə alınmaqla reallaşdırılıb. Ardıcıl və məqsədyönlü səylər nəticəsində respublikamızın paytaxtı ilə yanaşı, regionlarında da qısa müddətdə böyük irəliləyişə nail olunub. Həmin tədbirlər elektrik enerjisi ilə təchizatın əsaslı şəkildə yaxşılaşdırılmasına, ən müasir texnologiya və avadanlıqların tətbiqinə, elektrik şəbəkələrində yüklənmələrin azalmasına və texniki itkilərin minimuma endirilməsinə imkan yaradıb. Ən ucqar yaşayış məntəqələrini belə əhatə edən yenidənqurma tədbirləri çərçivəsində yaradılan müasir energetika qurğuları və yeni güc mərkəzləri həm xarici görünüşünə görə əvvəlkilərdən kəskin fərqlənir, həm də böyük texniki üstünlüklərə malikdir. Ölkəmizin bütün bölgələrində qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, eləcə də sənayeləşmə diqqət mərkəzində olduğundan, energetika kompleksinin zamanın tələblərinə uyğun köklü şəkildə təkmilləşdirilməsi də başlıca prioritetlərdəndir.

Dövlətimizin başçısına 110/35/10 kilovoltluq "Zabrat” yarımstansiyasında aparılan yenidənqurma tədbirləri barədə də məlumat verildi.

Bildirildi ki, bu energetika qurğusunun gücü 160 meqavoltamperə çatdırılıb.

Prezident İlham Əliyev "Müşfiq” yarımstansiyasından SCADA Dispetçer İdarəetmə Sistemi vasitəsilə "Zabrat” yarımstansiyasını da işə saldı.

Sonra dövlətimizin başçısına Azərbaycan elektroenergetika kompleksinin sistem olaraq formalaşmasının 120, paylayıcı elektrik şəbəkəsinin yaradılmasının 90 illiyinə həsr edilən "Azərbaycan elektroenergetikası” kitabı təqdim olundu.

Sonda xatirə şəkli çəkdirildi.


© xezerxeber.az


242 dəfə oxunub

XƏBƏRLƏR

26.02.2020 17:03

Sükut dəqiqəsi

ÇOX OXUNANLAR