Azad Rəhimov: “Olimpiya Festivalını yüksək səviyyədə keçirdik” - VİDEO

27.07.2019 20:12

48 ölkədən 3900 atlet və 930 medal... Bu kiçik məlumat belə Bakının növbəti dəfə öhdəsindən gəldiyi işin böyüklüyünü göstərməyə yetir.

Gənclər və İdman naziri Azad Rəhimov da 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının əməliyyat komitəsinin yarışın yekunları ilə bağlı mətbuat konfransında xarici qonaqların təşkilati işlərdən razı qaldıqlarını vurğuladı. Onun sözlərinə görə, beynəlxalq idman qurumları da Azərbaycanın festivalı yüksək səviyyədə keçirdiyini qəbul edib.

Azad Rəhimov yarışlara paralel olaraq, "Olimpiya mədəniyyəti və təhsil proqramı", "Yeni liderlərin idman liderliyi proqramı" və "Dopinqdən istifadəyə qarşı monitorinq proqramı" kimi layihələrinin həyata keçirildiyini də xatırlatdı və bunların əhəmiyyətli olduğunu vurğuladı. Nazir oyunlara tamaşaçı marağının da onları yaxşı mənada təəccübləndirdiyini qeyd etdi.

Konfransda iştirak edən Avropa Olimpiya komitələrinin vitse-prezidenti Nils Nayqard da öz növbəsində bu festival sayəsində yaxşı təcrübə qazandıqlarını ifadə etdi.

Avropa Olimpiya Komitələri əlaqələndirmə komissiyasının rəhbəri Corce Visaçki isə təşkilatçılığa görə təşəkkür etməklə yanaşı, yerli mütəxəssislərin performansını yüksək dəyərləndirməsi ilə də diqqəti çəkdi.

Konfransda həmçinin yarışları 100-dən çox media qurumunun işıqlandırdığı da diqqətə çatdırıldı.

© xezerxeber.az


103 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR