İran gəmisi Xəzərdə belə batdı - VİDEO

27.07.2019 18:35

Ötən gün günorta saatlarında İran bayrağı altında üzən quru-yük gəmisinin Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı xəbər vermişdik. Qeyd edək ki, batma təhlükəsi olan gəminin 9 nəfərlik ekipaj üzvlərini Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları vaxtında müdaxilə etməklə xilas ediblər. Batan gəminin heyəti gecə saatlarında bakı dəniz limanına gətirilib.

Yük gəmisi bir anda belə batır. İran gəmisinin Xəzərdə batma anının videosu yayılıb. Görüntüdə İran gəmisinin ekipaj üzvlərinin xilas edilməsi və gəminin batma anı öz əksini tapıb.

İrana məxsus "Şəbahəng" yük gəmisi saat 14 radələrində Azərbaycan sərhəd sularında qəzaya uğrayıb. Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin ''Tufan'' tipli sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq, xilasetmə əməliyyatına başlayıb, batan gəminin doqquz nəfərdən ibarət ekipajı tam heyətlə xilas edilib.

Gecə saatlarında xilas edilmiş heyət üzvləri Bakıya gətirilib. İranın Azərbaycandakı səfirliyinin yüksək vəzifəli əməkdaşı da Bakı Limanında olub.

Gəminin heyət üzvlərinin xilas edilməsində iştirak edən Azərbaycan sərhəd gözətçi gəmisinin komandiri Nəhmət Quliyevin sözlərinə görə, gəminin batmasına ağır yük və fırtınalı hava səbəb olub.

Xilas edilən heyət üzvlərindən 7 nəfəri İran, ikisi isə Hindistan vətəndaşıdır. Sahilə çıxan kimi onları sərhəd xidmətinin hərbi hospitalının həkimləri müayinə ediblər.

İranın Limanlar və Dənizçilik Təşkilatının Təhlükəsizlik və Dəniz Mühafizəsi İdarəsinin Baş direktoru Əlirza Xocəstə bildirib ki, özəl sektora aid "Şəbahəng" gəmisi 900 ton keramika və kaşını İranın Ənzəli limanından Rusiyanın Maxaçqala limanına aparırmış. Təşkilat rəsmisi bildirib ki, xilas edilən ekipaj heyətinin 1-2 gün ərzində İrana qayıdacağı gözlənilir.

© xezerxeber.az


200 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR