Regionlarda formal və qeyri-formal məşğulluqla bağlı vəziyyət açıqlanıb - VİDEO

26.07.2019 19:55

İyulun 26-da Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının rayon (şəhər) məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin rəhbərlərinin birgə iştirakı ilə ikinci müşavirə keçirilir.

Xezerxeber.az-ın məlumatına görə, Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov "Azərbaycan Respublikasının əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamına əsasən yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası tərəfindən 2018-ci il və 2019-cu ilin birinci yarım ili ərzində görülmüş işlər barədə məlumat verib.

Qeyd edib ki, 2019-cu ilin ilk altı ayında əmək müqaviləsi bildirişlərinin sayı 101.551 artaraq 1 iyul tarixinə 1.503.731 olub. 2018-ci ildə bu göstərici 91.389 təşkil edib. Ümumilikdə isə komissiya yaranandan bəri təxminən 250.000 müqavilə artımı olub.
Baş nazirin müavini, həmçinin regionlarda formal və qeyri-formal məşğulluqla bağlı vəziyyəti də açıqlayıb.

Ə.Əhmədov qeyd edib ki, regionlarda vəziyyət müxtəlifdir: "Bu göstəricinin yüksək olduğu rayonlardan danışsaq, məsələn, Ağcabədidə formal, rəsmi məşğul olan əhalinin bütövlükdə məşğul olan əhaliyə nisbəti 61,6 faiz, Qəbələdə 52,2 faiz, Şəkidə 51,5 faiz, Xaçmazda 50,7 faiz, Abşeronda 50,6 faizdir. Bu rayonlarda göstəricilər 50 faizdən yüksəkdir. Digər rayonlarda isə bu göstərici 50 faizdən aşağıdır. Amma bəzi rayonlar var ki, o rayonlarda nisbət bizi qane etmir. Ən aşağı göstəricisi olan rayonların adlarını çəkəcəyəm. Amma bu, o demək deyil ki, digər rayonlardakı göstəricilər bizi qane edir”.

Ə.Əhmədovun sözlərinə görə, formal, rəsmi məşğul olan əhalinin bütövlükdə məşğul olan əhaliyə nisbətində ən aşağı göstəriciləri olan rayonlar Yardımlı (26,5 faiz), Qobustan (25,8 faiz), Hacıqabul (22 faiz) rayonlarıdır: "Yüksək nəticəyə malik olmayan rayonlar vəziyyətdən müvafiq nəticə çıxarmalıdırlar”.

Baş nazirin müavini əlavə edib ki, Azərbaycanda sahibkarlar da daxil olmaqla, qanuni əsaslarla formal əməklə məşğul olan əhalinin sayı 1 min 721 min 976 nəfər təşkil edir.

Baş nazirin müavini vurğulayıb ki, son bir ildə həyata keçirilən sosial layihələr əhalinin rifahının yaxşılaşdırılması və əmək müqaviləsinin tənzimlənməsinə xidmət edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






159 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR