"Ulu öndər" sənədli filminin və mahnının təqdimat mərasimi keçirilib - VİDEO

12.07.2019 20:47

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə bağlı iyulun 12-də Bakıda "Ulu Öndər” sənədli filminin və eyniadlı mahnının təqdimatına həsr olunan tədbir keçirilib.

Xezerxeber.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanda dövlət gənclər siyasətinin banisi olan Heydər Əliyevin ölkə gənclərinə göstərdiyi xüsusi diqqət və qayğını bir daha nümayiş etdirməkdir.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli HƏSƏNOV tədbirdə çıxış edərək deyib ki, ulu öndər Heydər Əliyev bütün fəaliyyəti boyu öz qlobal düşüncə tərzi, müdrik və uzaqgörən siyasəti, nadir liderlik keyfiyyətləri, güclü milli iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə Ümummilli Lider səviyyəsinə yüksəlmiş və adı dünya tarixinə düşmüş görkəmli siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyət olmuşdur. Heydər Əliyev fitri istedadını, dərin zəkasını, bilik və bacarığını daim bütün azərbaycanlılarının qəlbində yaşayan milli dövlətçilik ideyalarının gerçəkləşməsinə yönəltmiş, öz dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarmış və dinamik inkişafını təmin etmiş BÖYÜK AZƏRBAYCANLI idi.

Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq onu bütün həyatı boyu fərqləndirmişdir. İstər sovet hakimiyyəti dönəmində fəaliyyət göstərdiyi bütün sahələrdə, istərsə də müstəqillik dövründə Heydər Əliyev daim öz doğma Azərbaycanına ləyaqətlə xidmət etmiş, ölkəni geridə qalmış aqrar respublikadan güclü elmi-texniki potensiala malik, dinamik inkişaf edən sənaye dövlətinə çevirmiş, onun sosial-iqtisadi və mədəni tərəqqisini təmin etmiş, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, milli elitanın formalaşdırılması, sağlam və intellektual gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz nailiyyətlər qazanmışdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və inkişaf yoluna çıxarılmasında böyük xidmətlərindən danışan Əli Həsənov vurğulayıb ki, 1990-cı illərin əvvəllərində, SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda vətəndaş qarşıdurmasının vüsət aldığı, etnik separatizmin baş qaldırdığı, torpaqlarımızın işğal olunduğu, ölkənin daxildən və xaricdən ciddi xaos və anarxiyaya sürükləndiyi, sosial-siyasi böhranın gündən-günə dərinləşdiyi bir vaxtda Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq Moskvadan geri qayıtmış, doğma Vətənində milli vətəndaş birliyinin yaradılması, dövlətçiliyin xilası və qorunması, ölkənin müstəqilliyin bərpası istiqamətində əsl tarixi missiya həyata keçirmişdir. Prezidentin köməkçisi demişdir: "Nə qədər ağır və çətin olmasına baxmayaraq, Heydər Əliyevin 1990-1993-cü illərdəki fəaliyyəti - öz xalqının milli azadlıq və müstəqillik uğrundakı mübarizəsinə qoşulması və faktiki olaraq müstəqillik uğrunda mübarizə hərəkatına rəhbərlik etməsi dövrü Azərbaycan dövlətçiliyinin və milli tariximizin parlaq səhifələrini təşkil edir. 1993-cü ildə Azərbaycan dövlətçiliyinin çətin sınaqlar qarşısında dayandığı, məhvolma təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda Heydər Əliyev xalqın çağırışına səs vermiş, onun tələbi və dəstəyi ilə yenidən ölkə rəhbərliyinə qayıtmış və xüsusi qurtuluş missiyası həyata keçirərək milli dövlətçiliyin XİLASKARINA çevrilmişdir”.

Sonrakı 10 il müddətində - 1993-2003-cü illərdə müstəqil Azərbaycan Respublikasında Heydər Əliyevin rəhbərliyi ilə milli inkişafın əsaslarının yaradıldığını qeyd edən Prezidentin köməkçisi demişdir ki, daxili sabitlik, qanunçuluq, sosial ədalət, milli həmrəylik təmin olunmuş, Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsasları formalaşdırılmış, bütün sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlanmış və həyata keçirilmişdir. Heydər Əliyev bu mərhələdə həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək həm də müstəqil Azərbaycan dövlətinin BANİSİ və QURUCUSUNA çevrilmişdir. Hazırda Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti "öz doğma xalqına sədaqətli xidmətin və onun yolunda hər cür fədakarlığa hazır olmanın” əsl nümunəsinə çevrilmişdir.

"Ulu Öndərin öz dəyərini həmişə saxlayacaq uzaqgörən siyasəti, parlaq dühası və zəngin irsi Azərbaycanın uğurlu inkişafının təməlində dayanır”, - deyən Əli Həsənov diqqətə çatdırıb ki, bu gün dinamik inkişaf edən, region və dünya siyasətində, əksər transmilli layihələrdə öz dəst-xətti ilə seçilən müasir müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin yadigarı və şah əsəridir. Hər bir vətənsevər azərbaycanlının Ümummilli Liderin unudulmaz və əziz xatirəsi qarşısındakı müqəddəs borcu müstəqil və qüdrətli Azərbaycan dövlətini qorumaq və daha da inkişaf etdirməkdən ibarətdir.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışını bu sözlərlə bitirib: "Ulu öndər Heydər Əliyevin xilaskarlıq, quruculuq və liderlik missiyasının, milli dövlətçilik təfəkkürünün, peşəkar idarəçilik təcrübəsinin, zəngin siyasi irsinin və onun birbaşa xidmətləri sayəsində tamamlanaraq milli ideologiya səviyyəsinə qaldırılmış azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği və hərtərəfli inkişaf etdirilməsi Azərbaycan elitası qarşısında dayanan əsas vəzifələrdəndir”.

Sonra "Ulu Öndər" sənədli filminin və eyniadlı mahnının təqdimatı olub.

Gənclər və İdman Nazirliyinin təşəbbüsü və sifarişi ilə "MZ Prodakşn" tərəfindən istehsal olunmuş filmin ssenari müəllifi və rejissoru Əməkdar incəsənət xadimi, professor Rafiq Quliyev, redaktoru İradə Sultanova, prodüseri Üzlüfət Qasımovadır. Filmdə ümummilli lider Heydər Əliyevin 1969-cu ildən 2003-cü ilədək həyat və fəaliyyətinin müxtəlif dövrünü əhatə edən kadrlar yer alıb, Ulu Öndərin Azərbaycan gənclərinə verdiyi tövsiyələr səsləndirilib.

Azərbaycan Milli Konservatoriyasının tələbələrinin ifa etdikləri "Ulu Öndər" mahnısının musiqisi Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimiyə, sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, professor Rafiq Yusifoğluya məxsusdur.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir:




© xezerxeber.az

FOTOQALERIYA






112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR