Prezident İlham Əliyev bir sıra ölkələrin nümayəndə heyətlərini qəbul edib - VİDEO

12.06.2019 20:14

Prezident İlham Əliyev bu gün Niderland, Almaniya və Türkiyədən gələn nümayəndə heyətlərini, həmçinin Ümumdünya Gömrük Təşkilatının Baş katibini qəbul edib.

Xezerxeber.az-ın məlumatına görə, Prezident İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

Görüşdə Azərbaycanla Niderland Krallığı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, Rene Van der Lindenin əməkdaşlığımızın genişləndirilməsi işinə verdiyi töhfə yüksək qiymətləndirilib. Söhbət zamanı Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat sahəsində Niderland şirkətlərinin iştirakının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq məsələlərindən danışılıb.

Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanı da qəbul edib. Qonaq Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisinin yüksək səviyyədə təşkil olunduğunu deyib. Kunio Mikuriya, eyni zamanda, Azərbaycanın Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa regionu üzrə rəhbər seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev də Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisinin önəminə toxunaraq, paytaxtımızda mühüm beynəlxalq tədbirlərin keçirilməsinin artıq ənənə xarakteri daşıdığını qeyd edib və bunun ölkəmizin inkişafına öz töhfəsini verdiyini bildirib. Dövlət başçısı Azərbaycanda informasiya texnologiyaları sahəsinin sürətlə inkişaf etdiyini, buraya böyük investisiyaların qoyulduğunu və bu sahənin geniş potensiala malik olduğunu vurğulayıb.

Prezident İlham Əliyev həmçinin, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermannın başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib. Almaniyalı qonaq Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransına toxunaraq bu tədbirin parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi, parlament diplomatiyasının gücləndirilməsi baxımından önəmini qeyd edib. Prezident İlham Əliyev sözügedən təsis konfransının beynəlxalq əlaqələrin gücləndirilməsində rolunu vurğulayaraq, bu tədbirin fikir mübadiləsinin aparılması, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyini bildirib. Görüşdə Azərbaycan-Almaniya ikitərəfli münasibətləri, ölkəmizdə gedən iqtisadi inkişaf, o cümlədən kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və digər sahələrdə mövcud əməkdaşlıq imkanları müzakirə edilib. Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiçin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib. Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsi işinə töhfə verdiyi vurğulanıb. Söhbət zamanı ölkələrimizin həyata keçirdiyi birgə qlobal enerji və nəqliyyat layihələrinin önəmi vurğulanıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı məsələlər müzakirə edilib, ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminlik bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






211 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR