Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb - VİDEO

14.05.2019 19:30

Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb.

Xezerxeber.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Donald Tusk Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayaraq ölkəmizin Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər çox uğurla inkişaf edir və ölkəmiz bu əlaqələrin genişlənməsinə böyük önəm verir. Dövlət başçısı Avropa İttifaqı Şurasının prezidenti Donald Tuska Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib. Görüşdə ötən il Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış "Tərəfdaşlıq prioritetləri" sənədinin əhəmiyyəti vurğulanıb, həmçinin tərəflər arasında üzərində danışıqlar aparılan tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev həmçinin Avropa İttifaqı Şurasının prezidenti adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə şam yeməyində iştirak edib. Burada çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramında iştirak edən fəal ölkələrdən biridir. Dövlət başçısı bildirib ki, Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə də sıx əlaqələrə malikdir. Azərbaycanın Avropa İttifaqının üzvü olan 9 ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. Dövlət başçısı, həmçinin bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər.

Azərbaycan Prezidenti Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı olan Ermənistan və Azərbaycan arasında münaqişənin öz həllini tapmamasını təəssüflə qeyd edib. Dövlət başçısı bildirib ki, 25 ildən çoxdur davam edən bu münaqişə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.

Prezident İlham Əliyev diqətə çatdırıb ki, ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Dövlət başçısı həmçinin bildirib ki, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur.

Prezident İlham Əliyev Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasında mühüm rol oynadığını qeyd edib, ölkəmizin Avropa İttifaqı ilə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq etdiyini bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






256 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR