Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş keçirilib - TƏFƏRRÜAT - VİDEO

15.04.2019 19:59

Moskvada, Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edib.

S.Lavrov azərbaycanlı və erməni həmkarlarını qarşılayıb. Hər üç ölkənin nazirləri birgə foto çəkdiriblər. Daha sonra Elmar Məmmədyarov, Sergey Lavrov və Zöhrab Mnatsakanyan arasında görüş başlayıb. Üçtərəfli görüş başa çatdıqdan sonra müzakirələr ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov, Stefan Viskonti, Endrü Şofer və ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə davam etdirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşü barədə məlumat yayıb. Qeyd olunub ki, görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə başlıca məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Bu xüsusda, cari ilin martın 29-da Vyanada baş tutmuş Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin görüşünün nəticələri nəzərə alınmaqla, münaqişə üzrə danışıqlar prosesinin irəli aparılması perspektivləri nəzərdən keçirilib. Görüşdə həmçinin münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, habelə humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb. Nazirlər, KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər. Görüş iştirakçıları yaxın gələcəkdə təmasların davam etdirilməsini razılaşdırıblar. Görüş nəticəsində Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin və ATƏT-in həmsədrlərinin birgə bəyanatı qəbul edilib..

Həmçinin Rusiyanın Xarici İşlər Nazirliyi də görüşün yekunları ilə bağlı bəyanat yayıb. Qeyd olunub ki, tərəflər münaqişə zonasında, o cümlədən kənd təsərrüfatı işləri görülən zaman vəziyyətin daha da sabitləşməsində maraqlı olduqlarını diqqətə çatdırıblar. Onlar həmçinin tərəflərin ərazisində həbsdə olan şəxslərin qohumlarının onlara baş çəkməsi üzrə qarşılıqlı əsasda tədbirlər görülməsi üçün razılığa gəliblər.

Həmçinin Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Sergey Lavrov və ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti dəfə regionda davamlı sülhün əldə olunmasına yönəlmiş vasitəçilik missiyasına sadiqdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






299 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR