YAP Milli Qurtuluş Gününü qeyd etdi - VİDEO

14.06.2018 18:32

Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında "15 iyun-Milli Qurtuluş Günü 25 il” adlı tədbir keçirilib.

YAP-ın sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov çıxış edərək bildirib ki, 1993-cü ilin 15 iyununda ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyinin möhkəm təməli qoyulub.

Həmin vaxt baş verən hadisələr barədə danışan Ə. Əhmədov qeyd edib ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə anarxiyaya, hərc-mərcliyə son qoyulub: "Azərbaycanın ona qədərki rəhbərinin səriştəsizliyi, bacarıqsızlığı ucbatından hərc-mərclik dərinləşmiş, müstəqilliyə böyük təhlükə yaranmışdı. Qonşu dövlətlərlə ciddi problemlər yaşanırdı və bundan istifadə edən Ermənistan Azərbaycan torpaqlarına təcavüz etdi. Bunu görən Azərbaycan xalqı narahatlığını ifadə edib, bu bəladan xilas olmaq üçün Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini tələb etdi.

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə iqtisadiyyatda tənəzzülün, Ermənistanın təcavüzünün, ölkə daxilində qeyri-sabitliyin qarşısı alındı. Azərbaycan inkişafa qədəm qoydu və nəticə etibarı ilə hazırda regionun güclü dövlətinə çevrildi. Onun qayıdışı milli məfkurəmizə qurtuluş tarixi kimi həkk olundu. Gələcək nəsil bu tarixi heç vaxt unutmamalıdır”.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov da o dövrdə baş verənlərdən söz açıb: "Əslində, biz bir neçə yoldaşla birlikdə Heydər Əliyevin qayıdışını o vaxt özünü demokrat adlandıran Xalq Cəbhəsinin hakimiyyətə gəlməsindən əvvəl etmək istəyirdik. Təəssüf ki, dırnaqarası demokratların insanlar üzərində qorxu yaratması buna mane oldu. Çünki o vaxt insanlar onlardan qorxurdular. Lakin xalqın iradəsi nəticəsində sonda Heydər Əliyev Bakıyda gəldi və Azərbaycanı bəladan qurtardı”.

YAP-ın digər üzvləri, deputatlar, gənclər də çıxış edərək, Milli Qurtuluş gününün əhəmiyyətindən, Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan danışıblar.


© xezerxeber.az


90 dəfə oxunub

XƏBƏRLƏR

18.06.2018 16:09

Şəkidə avtomobil yanıb

ÇOX OXUNANLAR