İlin birinci rübündə narkotiklərlə mübarizə sahəsində 887 fakt aşkarlanıb - VİDEO

16.05.2018 17:55

Bu ilin üç ayında ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilib.

Dövlət Komissiyasının İşçi Qrupundan bildiriblər ki, üç ay ərzində narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən 887 fakt aşkarlanıb. Onlardan 304-ü satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 564-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını qanunsuz olaraq əldə etmə və saxlama, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 13-ü isə digərləri təşkil edib. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 519 kiloqram 631,681 qram müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və o cümlədən 160 ədəd çətənə kolu müsadirə olunub.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 263 kiloqram 197,362 qramı marixuana (50,6 faiz), 87 kiloqram 259,777 qramı tiryək (16,8 faiz), 135 kiloqram 722,762 qramı heroin (26,2 faiz), 27 kiloqram 467,44 qramı həşiş (5,3 faiz), 4 kiloqram 368,229 qramı digərləri (0,8 faiz), 1 kiloqram 616,111 qramı psixotrop maddələr (0,3 faiz) və 4490 ədəd həb təşkil edib.

Cinayət məsuliyyətinə 493 nəfər cəlb edilib ki, onlardan 1-i 18 yaşadək, 36-sı 18-25 yaşadək, 60-ı 26-29 yaşadək, 396-sı 30 yaşdan yuxarıdır. Həmin şəxslərdən 489-u kişi, 4-ü qadın, 8-i isə xarici ölkə vətəndaşları olub. Əcnəbi vətəndaşlardan ümumilikdə 1500 qrama yaxın narkotik vasitə və psixotrop maddələr götürülüb. Əcnəbilərdən üçü Rusiya, ikisi İran, ikisi Ukrayna, biri isə Türkmənistan vətəndaşıdır.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2017-ci il dekabrın 31-nə olan məlumatına əsasən, Mərkəzdə 30 min 131 nəfər qeydiyyatda olub. Onlardan 25 min 139 nəfəri dispanser, 4992 nəfəri profilaktik qeydiyyatda olanlardır. Həmin şəxslərdən 595-i qadın, 212-si toksikoman, 21 min 38-i (470 qadın) inyeksion narkotik istifadəçiləridir. Ötən il 2115 nəfər yeni qeydiyyata götürülüb, 1432 nəfər isə qeydiyyatdan çıxarılıb.

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, bu ilin üç ayında Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 148 nəfər təşkil edib. Onlardan 145-i (98 faiz) Azərbaycan vətəndaşı, 3-ü (2 faiz) isə əcnəbilərdir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı 1987-ci ildən 2018-ci il aprelin 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiqlənmiş 6903 nəfər qeydiyyata götürülüb. Onlardan 6680-i (96,8 faiz) Azərbaycan vətəndaşı, 223-ü (3,2 faiz) isə əcnəbidir. İİV-ə yoluxmuş insanların 5037-i (73 faiz) kişi, 1866-sı (27 faiz) qadındır.

İİV-ə yoluxması təsdiqlənmiş 6903 nəfərdən 3087-də (44,7 faiz) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib ki, onlardan 2270-i (73,5 faiz) dispanser qeydiyyatındadır. Aprelin 1-nə antiretrovirus terapiyaya (ART) cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4367 nəfər təşkil edib ki, onların da 1823 nəfəri inyeksion narkotik istifadəçisi olub. Cari ilin üç ayında isə ART-yə cəlb olunan 160 pasiyentdən 18 nəfərində inyeksion narkotik istifadəsi aşkarlanıb.

Bu ilin müvafiq dövründə Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 8056 nəfər keçib. Onlardan 1043 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 551 istifadəçi aşkarlanaraq müvafiq qeydiyyata götürülüb.

Həmçinin hesabat dövründə 784 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 253-ü "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 529-u "Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11) diaqnozu ilə müalicəyə qəbul edilənlərdir. Eyni zamanda, metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 230 xəstə müalicə alır. Onlardan 179-u Respublika Narkoloji Mərkəzində, 51-i isə QİÇS-lə Mübarizə Mərkəzindədir.

© xezerxeber.az


216 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR