Prezident İlham Əliyev Quba rayonuna səfərə gəlib - VİDEO

07.12.2017 20:56

Prezident İlham Əliyev bu gün Quba rayonuna səfər edib. Səfər çərçivəsində bir sıra iqtisadi və sosial əhəmiyyətli obyektlərin açılışı olub. Dövlət başçısı respublika əhəmiyyətli infrastruktur layihələrinin təməl qoyma mərasimində də iştirak edib.

Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-202 kilometrlik hissəsində tikiləcək yeni yolun təməlqoyma mərasimi keçirilib. Mərasimdə iştirak edən prezident İlham Əliyevə avtomobil yolunun layihəsi barədə məlumat verilib.

Layihə çərçivəsində Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Gəndob yaşayış məntəqəsinə qədər 97 kilometr uzunluğunda, oradan da Rusiya Federasiyası sərhədinə doğru 22 kilometr yeni yolun tikintisi nəzərdə tutulur. Beləliklə, dörd hərəkət zolaqlı yeni yolun uzunluğu 119 kilometr, eni 15 metr olacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Quba rayonuna səfəri isə ümummilli lider Heydər əliyevin abidəsini ziyarətlə başlayıb.

Prezident və birinci xanım Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba "ASAN həyat" Kompleksinin açılışında iştirak ediblər. Ölkədə sayca 12-ci Mərkəzin inşası yüksək səviyyədə həyata keçirilib. Kompleks 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektindən ibarətdir. Mərkəz Quba, Qusar, Xaçmaz və Şabran rayonları ərazisində qeydiyyatda olan, ümumilikdə, 500 minə yaxın vətəndaşa xidmət göstərəcək.

Burada həmçinin "ABAD" Mərkəzin də fəaliyyət göstərəcək. Mərkəzin əsas məqsədi şimal regionunda yeni ailə brendləri yaratmaq, ailə təsərrüfatlarının məhsullarının daxili və xarici bazarda satışını təşkil etmək, özünüməşğulluq proqramının icrasına dəstək göstərməkdir.

ASAN xidmət" korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir deyən prezident ilham əliyev bildirib ki, gələn il 5 mərkəzin tikintisinə start veriləcək. beləliklə də 2019-cu ilin sonuna qədər ölkəmizdə 20 "ASAN xidmət" Mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulur. Asan vizanın əhəmiyyətinə də toxunan dövlət başçısı bu ilin 10 ayında Azərbaycana gələn turistlərin sayının 20 faiz artdığını bildirdi. Bu ilin əvvəlindən 250 min xarici vətəndaş "ASAN viza"dan istifadə edib. Qanunsuz məşğulluqla daha səmərəli şəkildə mübarizə aparılması işinin ASAN"a tapşırlmasından sonra çox gözəl sistem yaradıldığını xatırladan prezident İlham Əliyev tikintilərdə qanunsuz çalışan 5 min insanın artıq əmək müqavilələri əsasında işləməyə başladığını bildirdi...

Səfər çərçivəsində Quba Bayraq Muzeyinin də açılışı olub. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, xanlıqların bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur.

Prezident və birinci xanım həmçinin "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında iştirak ediblər.Burada 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxana əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində hazırlanmış tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük veriləcək.

Quba rayonunda əsaslı şəkildə yenidən qurulan Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının açılış mərasimi də olub. 6 min nəfərin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən yeni yollarının uzunluğu 32 kilometrdən çoxdur. Layihə çərçivəsində müxtəlif diametrli 27 suötürücü boru tikilib, yol təhlükəsizlik dirəkləri və dörd körpü inşa edilib.


© xezerxeber.az


165 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR