YAP-ın 25 illik yubileyi keçirilib - Prezident İlham Əliyev mərasimdə iştirak edib - VİDEO

14.11.2017 20:47

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı tədbirdə nitq söyləyib.

Prezident İlham Əliyev 25 il öncə Yeni Azərbaycan Partiyasının təsis konfransının çox ağır ictimai-siyasi vəziyyətdə keçirildiyini diqqətə çatdırıb və məhz bu tarixi addımın Azərbaycanın sonrakı inkişafında, sabitliyində möhkəm təməl rolunu oynadığını vurğulayıb.

Prezident İlham Əliyev xatırladıb ki, Azərbaycan Xalq Cumhuriyyətinin Bayrağı ilk dəfə Naxçıvanda Dövlət Bayrağı elan edildi və bu addım insanlar tərəfindən böyük rəğbətlə qarşılandı. Dövlət başçısı bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 700 mindən çox insanın olduğunu və onların 40 faizinin gənclərin təşkil etməsinin müsbət hal olduğunu deyib.

Prezident İlham Əliyev 1992-ci ildə AXCP-Müsavat cütlüyünün yarıtmaz siyasəti nəticəsində ölkədə hərc-mərciliyin hökm sürdüyünə diqqət çəkib. Xalqın dəvəti ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı çoxsaylı bəlalardan xilas etdi, ölkəmizin bugünkü inkişafının təməlini qoydu.

Dövlət başçısı bildirib ki, son 14 il ərzində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf kursu daha da sürətlənib və dünya miqyasında Azərbaycanın bütün sahələrdə mövqeləri möhkəmlənib. Azərbaycanın 155 ölkə tərəfindən dəstəklənərək BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini də beynəlxalq hörmətin təzahürü olduğunu bildirib.

Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatının 35-ci yerdə qərarlaşdığını deyən Prezident İlham Əliyev aparılan iqtisadi islahatlar nəticəsində bu ilin 9 ayı ərzində Azərbaycanın valyuta ehtiyyatlarının 4,5 milyard dollar artdığını nəzərə çatdırıb. İqtisadiyyatın 3 dəfədən çox artdığını bildirən Prezident, yoxsulluğun 50 faizdən 5 faizə düşdüyünü, xarici borcun ümumi daxili məhsulun 20 faizini təşkil etdiyini bildirib.

Azərbaycanda sabitliyin və inkişafın kökündə xalq-iqtidar birliyinin əsas rol oynadığını vurğulayan Prezident İlham Əliyev, bu vəhdəti heç bir daxili, eləcə də xarici qüvvənin poza bilməyəcəyini bildirib. Dövlət başçısı müxalifətin fəaliyyəti üçün də demokratik şərait yaradıldığı, ancaq məhz onların uğursuz addımları səbəbindən xalqın onlara inanmadığını qeyd edib. Prezident müxalifət partiyalarının uğursuzluqlarının səbəblərini məhz öz fəaliyyətlərində axtarmalı olduqlarını nəzərə çatdırıb.

Azərbaycanın daxili siyasətdəki uğurları ilə yanaşı xarici siyasətdə də böyük irəliləyişlər qazandığını bildirən dövlət başçısı "Azəri-Çıraq-Günəşli" müqaviləsinin vaxtının uzadılmasının, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilməsinin, Cənub Qaz Dəhlizi layihəsinin icrasının bu uğurların qarantı olduğunu vurğulayıb. Azərbaycanın bu meqalayihələrlə beynəlxalq aləmdə böyük nüfuz qazandığını bildirən prezident İlham Əliyev "Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılması istiqamətində əlavə tədbirlərin də görüləcəyinə diqqət çəkib.

Azərbaycan dövlətinin gələcək fəaliyyətilə bağlı konseptual yanaşmanın olduğunu bildirən dövlət başçısı qarşıdakı hədəflərə çatmaq üçün bütün imkanların səfərbər ediləcəyini deyib.

Prezident İlham Əliyev xalqın dövlətə olan inamının əsasının məhz verilən vədlərin yerinə yetirilməsi olduğunu, bundan sonra da dövlətin fəaliyyətini bu prinsiplər üzərində davam etdirəcəyini bildirib.

Yubiley mərasimi sonra geniş konsert proqramı ilə davam edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


159 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR