Bakı buxtasında brakonyerlərlə polis arasında insident olub - VİDEO

14.11.2017 20:41

Bakı Buxtasında qanunsuz balıq ovu ilə məşğul olanlar polisə müqavimət göstəriblər.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün baş verib.

Su Nəqliyyatında Polis İdarəsinə mühərrikli qayıqda iki nəfərin qanunsuz balıq ovu ilə məşğul olduğu barədə məlumat daxil olub. ''Qartal'' polis patrul katerində xüsusi xəbərdaredici səs siqnalları ilə həmin qayığa yaxınlaşaraq onlardan sahilə çıxmalarını tələb ediblər. Amma həmin şəxslər idarə etdikləri balıqçı qayığı ilə polis katerini vurub zədələyərək hadisə yerindən qaçmağa cəhd göstəriblər.

Araşdırma zamanı qeyri-qanuni balıq ovu ilə məşğul olan şəxslərin Astara rayon sakini Sərxan Quliyev və Neftçala rayon sakini Natiq Əbilov olduğu müəyyən olunub. Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılaraq məsuliyyətə cəlb edilib. Onların qayığına baxış zamanı qanunsuz balıq ovu zamanı istifadə olunan ləvazimatlar, torlar və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar aşkar olunaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxslərdən Sərxan Quliyevin üzərinə baxış zamanı ondan bir büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Araşdırmalar zamanı onların balıqovlama biletlərinin olmadığı, həmçinin qayığın və mühərrikin müvafiq dövlət qurumlarında qeydiyyata alınmadığı da məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


328 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR