Çayxana, yoxsa kitabxana? - Bu məkan fərqliliyi ilə diqqəti cəlb edir - VİDEO

14.11.2017 20:49

Çayxana dedikdə insanın ağlına domino, nərd və bu kimi oyunların oynanıldığı bir məkan canlanır. Amma indi sizə bəhs edəcəyimiz çayxana digərlərindən çox fərqlənir. Çayxananın divarlarını kitablar bəzəyir.

Çayxanada müxtəlif yerli və xarici kitablar yer alır. Bu məkanın hər bucağını bir-birindən fərqli və maraqlı kitablar bəzəyir.

Xezerxeber.az-ın məlumatına görə, Qazaxdakı çay evi fərqliliyi ilə diqqət çəkir. Bu çayxanın fərqli olması isə bura gələnlərin çayla bərabər belə maraqlı kitabları mütaliə etmə imkanının olmasıdır.

Çay evinin sahibi deyir ki, məkanda bu cür şəraitin yaradılmasında əsas məqsəd kitab həvəskarlarını bura cəlb etmək olub ki, buna da müəyyən qədər nail olub. Həmçinin kitabların mütəmadi olaraq yenilənməsi də müştəriləri davamlı olaraq bu məkana cəlb edir.

Çay evinin başqa bir fərqliliyi isə ondadır ki, bura üz tutanların əksəriyyəti zaman keçdikcə daimi müştərilərə çevrilirlər. Onlar burada gün ərzində təxminən 1-2 saat mütaliə edirlər.

Əsas müştəriləri gənclər olan çay evində daha çox dünya ədəbiyyatına aid kitablara rast gəlinir. Bundan başqa, rəflərdə Azərbaycan yazıçı və şairlərinin də əsərləri yer alıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


258 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR