ABŞ-ın “Cygnus” yük kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya birləşib

04.11.2019 14:37

Noyabrın 2-də Virciniya ştatındakı Uollops adasından "Antares” raketdaşıyıcısı ilə fəzaya buraxılan "Cygnus” yük kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya birləşib.

AZƏRTAC ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) məlumatına istinadla xəbər verir ki, noyabrın 4-də astronavtlar Cessika Meir və Kristina Kuk kosmik gəminin stansiyaya birləşdirilməsi əməliyyatını həyata keçiriblər. Bu proses NASA-nın saytında canlı yayımlanıb.

Cessika Meir məsafədən idarə olunan "Canadarm” manipulyatorunun köməyi ilə kosmik gəminin birləşməsi prosesini həyata keçirib. "Cygnus” ABŞ-ın Beynəlxalq Kosmik Stansiyadakı "Unity” moduluna birləşib.

Kosmik gəminin göyərtəsində Beynəlxalq Kosmik Stansiyada olan astronavtlar üçün ümumi çəkisi 3,7 ton olan yük - ərzaq, stansiya üçün avadanlıqlar və elmi tədqiqatlar aparılması məqsədilə cihazlar var. Bundan başqa, stansiyada fəaliyyət göstərən astronavtlar üçün "AstroRad Vest” radiasiya əleyhinə jiletlər də göndərilib ki, gələcəkdə onlardan Aya və Marsa uçuşlar zamanı istifadə ediləcək. Stansiyaya "Zero-G Oven” adlı soba şkafları da çatdırılıb. Onların köməyi ilə çəkisizlik şəraitində yemək hazırlamaq mümkündür. Tosteri xatırladan və içərisində temperaturun 363,3 dərəcə Selsi olacağı bu qurğu NASA-nın mütəxəssislərinin son layihəsidir. Göyərtədə ekipaj üzvləri üçün kosmosda 3D printerlərində hazırlanmış məmulatları emal etməyə imkan verəcək xüsusi cihaz da var.

NASA yük kosmik gəmisinin fəzaya buraxılmasını oktyabrın 21-də həyata keçirməli idi, lakin Yaponiyanın pilotsuz "Kontori-8” aparatının stansiyanı tərk etməməsi ucbatından bu start təxirə salınmışdı.

© xezerxeber.az


56 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR