Xəzər Xəbər

Ötən il yüklənilən mobil proqramların 50 faizi Çin istifadəçilərinin payına düşüb

Texnologiya | 15:46 • 17 Yanvar 2019
Ötən il yüklənilən mobil proqramların 50 faizi Çin istifadəçilərinin payına düşüb

2018-ci ildə dünyada yüklənilən mobil proqramların sayı 194 milyard təşkil edib. Bu, 2017-ci ildən 35 faiz çoxdur. İstifadəçilərin proqramların alışı üçün xərcləri 75 faiz artaraq 101 milyard dollara çatıb. Bu barədə "App Annie” şirkətinin 2018-ci il üçün dünya mobil əlavələr bazarının vəziyyəti haqqında hesabatında deyilir.


AZƏRTAC "Vesti” resursuna istinadən bildirir ki, hesabatda təkcə "App Store” və "Google Play” deyil, eyni zamanda Çinin kənar "Android” proqram mağazaları üzrə statistika nəzərə alınıb. Analitiklərin məlumatına görə, 2018-ci ildə bütün yüklənilən proqramların 50 faizi və istehlak xərclərinin 40 faizi məhz çinlilərin payına düşüb.


Buna baxmayaraq ucuz "Android” sistemli qurğuların üstünlük təşkil etdiyi Çində orta smartfona digər ölkələrlə müqayisədə az əlavə quraşdırılıb. Hesabata görə, çinli 50-dən çox proqramdan istifadə etdiyi halda ABŞ, Cənubi Koreya, Yaponiya və Avstraliya sakinində bu göstərici 100 təşkil edir.


Yüklənilən proqramların sayının artım tempinə görə beşliyə üç inkişaf etməkdə olan ölkə daxildir: Hindistan, Braziliya və İndoneziya. ABŞ-da isə yükləmələrin sayı zəifləyib. Bundan başqa, inkişaf etməkdə olan ölkələrin istifadəçiləri mobil əlavələrə az pul sərf edir. Analitiklər qeyd edir ki, proqramlar daha çox Çin, ABŞ, Yaponiya, Cənubi Koreya və Böyük Britaniyada satılır.

Xəbər lenti