Xəzər Xəbər

“Samsung” kompaniyası Çində yerləşən müəssisələrdən birini bağlayacaq

Texnologiya | 15:52 • 13 Dekabr 2018
“Samsung” kompaniyası Çində yerləşən müəssisələrdən birini bağlayacaq

Cənubi Koreyanın elektronika istehsalçısı "Samsung Electronics Co” smartfonlarına tələbatın azalması səbəbindən 2018-ci il dekabrın 31-nə qədər Çinin Tyantszin şəhərindəki müəssisəsini bağlamağı planlaşdırır.


Xezerxeber.az xəbər verir ki, müəssisənin təxminən iki min işçisi kompaniyanın qərarı barədə məlumatlandırılıb.


Analitiklərin hesablamalarına görə, "Samsung” kompaniyasının Çində istehsal olunan smartfonlarının demək olar ki, 30 faizi həmin müəssisənin payına düşür. Şirkətin ÇXR-dəki digər müəssisəsi ölkənin cənubundakı Xancou şəhərində yerləşir.


Kompaniyanın qərarının "Huawei Technologies Co” ətrafında yaranan qalmaqal fonunda Cənubi Koreya da daxil olmaqla öz tərəfdarlarını texnologiya sahəsində Çinə qarşı münasibətlərini sərtləşdirməyə çağıran ABŞ-ın fəaliyyəti ilə bağlı olmadığı bildirilir.


Beş il əvvəl Çinin smartfon bazarının demək olar ki, 20 faizinə nəzarət edən "Samsung” məhsullarına tələbatın kəskin azalması problemi ilə üzləşib. Hazırda onun bazarda payı 1 faizdən də azdır. Buna səbəb yerli istehsalçılar "Huawei” və "Xiaomi Corp” kompaniyalarının eyni funksiyalara malik, lakin daha ucuz məhsul təklif etməsi ilə əlaqədardır.


Dünyada smartfon satışının 20 faizini əlində saxlayan "Samsung” əsasən Çinə bel bağlayan "Apple” kompaniyasından fərqli olaraq, öz qurğularını bir neçə ölkədə istehsal edir. "Bank of America Merrill Lynch” bankının məlumatına əsasən, 300 milyon "Samsung” smartfonunun 50-60 faizi Vyetnamda, 20-30 faizi Çində, 10 faizi isə Hindistanda istehsal olunur.

Xəbər lenti