Xəzər Xəbər

Elektriklə işləyən ilk pilotsuz yük avtomobili nümayiş olundu

Texnologiya | 17:42 • 17 Noyabr 2017
Elektriklə işləyən ilk pilotsuz yük avtomobili nümayiş olundu

"Tesla Motors” kompaniyası elektriklə işləyən ilk pilotsuz yük maşınını və yeni yüngül idman avtomobilini nümayiş etdirib.


AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, təqdimat kompaniyanın ABŞ-ın Kaliforniya ştatında yerləşən Hotorn şəhərindəki meydançasında keçirilib.


"Tesla Motors” kompaniyasının banisi və icraçı direktoru İlon Maskın sözlərinə görə, elektriklə işləyən yük maşınının hazırlanması kompaniyanın iqtisadiyyatın ənənəvi yanacaqdan azad edilməsi istiqamətində növbəti addımıdır. Avtomobil avtopilot sistemi ilə təchiz olunub və kortejdə müstəqil hərəkət edir. Dəstədəki yalnız birinci maşın üçün sürücü lazım gəlir ki, bu da yükdaşımalarını xeyli ucuzlaşdırır.


"Semi Truck” yük avtomobili enerji əlavə olunmadan 800 kilometrə qədər yol qət edir, daha 650 kilometr məsafə üçün isə cəmi yarım saatlıq enerji toplaması kifayətdir. O, 36 tonluq maksimal yüklə saatda 100 kilometrlik sürəti 20 saniyəyə, yüksüz isə cəmi 5 saniyəyə yığa bilir.


İstehsalına 2019-cu ildə başlanacaq yük maşınlarının qiyməti açıqlanmır.


Mask, həmçinin elektriklə işləyən yeni yüngül idman avtomobilini də təqdim edib. Yeni "Tesla Roadster” modeli 2 saniyədən də az bir müddət ərzində saatda 100 kilometr sürət yığa biləcək. Onun maksimum sürəti isə saatda 400 kilometrə çatacaq. Enerji əlavə olunmadan 1000 kilometrə qədər məsafə qət edə bilən və satışına 2020-ci ildə başlanması nəzərdə tutulan "Tesla Roadster” modelinin ilk min ədədinin qiyməti 200 min dollar olacaq.

Xəbər lenti