Xəzər Xəbər

Yeni “iPhone"da unikal funksiya

Texnologiya | 16:23 • 13 Sentyabr 2017
Yeni “iPhone"da unikal funksiya

"Apple” Kaliforniya ştatının Kupertino şəhərində keçirdiyi təqdimatda çərçivəsiz ekranla təchiz edilən "iPhone X” smartfon modelini nümayiş etdirib.


AZƏRTAC xəbər verir ki, məlumata görə, smartfon ön paneli tam əhatə edən 5,8 düym diaqonallı, 2436 x 1125 piksel təsvir ölçülü "OLED” ekrana malikdir. Ön panelin yuxarı hissəsində danışıq dinamiki və ön kamera, eləcə də sensorlar üçün çıxış quraşdırılıb. Blokdan çıxarılma üçün "Apple” tərəfindən sifətin tanınması texnologiyası hazırlanıb. Şirkət nümayəndələrinin sözlərinə görə, bu, ən təhlükəsiz mühafizə üsuludur və "iPhone X” smartfonuna kənardan müdaxilə qeyri-mümkündür. Bundan əlavə, "Face ID” sifətin tanınması skanerinin "Apple Pay” ödəniş sistemini dəstəkləməsi onun vasitəsilə ödənişlər həyata keçirməyə imkan verir.


Bildirilir ki, "iPhone 8” kimi, yubiley münasibətilə təqdim olunan "iPhone X” da simsiz enerjidoldurma funksiyası ilə təchiz edilib.


Yaddaş tutumu 64 və 256 giqabayt versiyalarında təqdim ediləcək smartfonun başlanğıc qiyməti 1000 dollar təşkil edir. Qurğunun satışlarına noyabrın 3-dən etibarən başlamaq nəzərdə tutulur.

Xəbər lenti