Xəzər Xəbər

Cəbhəboyu ərazilərdə mina və partlamamış hərbi sursat zərərsizləşdirilir

Region | 09:04 • 24 Noyabr 2020
Cəbhəboyu ərazilərdə mina və partlamamış hərbi sursat zərərsizləşdirilir

Noyabrın 20-23-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağcabədi, Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin "102” Xidməti-Zəng mərkəzi sistemindən 83 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 8 müraciət daxil olub.


ANAMA-dan xezerxeber.az-a bildirilib ki, daxil olmuş 91 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 58 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 16 ədəd partlamamış hərbi sursat (PHS), 27 ədəd tank əleyhinə mina, 2 ədəd tank əleyhinə minanın partladıcısı, 1 ədəd piyada əleyhinə mina, 2 ədəd bombacıq, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 119 ədəd partlamış mərmi qalıqları aşkar olunub.


Agentliyin partlayış qrupu tərəfindən 31 ədəd mina və partlamamış hərbi sursat (PHS), 2 ədəd bombacıq zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 72 min 355 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Xəbər lenti