Xəzər Xəbər

Quba-Qonaqkənd yolunun yenidən qurulması yekunlaşır - FOTO

Region | 11:41 • 7 İyul 2020
Quba-Qonaqkənd yolunun yenidən qurulması yekunlaşır -

Dövlət başçısının sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər bölgələrdə kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq irimiqyaslı yol infrastrukturu layihələrinin icrası davam etdirilir. Bu cür layihələrdən biri 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 kilometr uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulmasıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən xezerxeber.az-a bildirilib ki, Quba-Qonaqkənd avtomobil yolu III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir.

Layihə çərçivəsində mövcud örtük sökülərək kənara daşınıb, yararsız qruntun qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi işləri görülüb, bəzi yerlərdə yolun normativ eninin alınması üçün dağ yamaclarının qaya tipli süxurları kəsilərək çıxarılıb və torpaq yatağı genişləndirilərək tələb olunan hündürlüyə qaldırılıb, yatağın yamacları mexaniki üsulla hamarlanıb.

Yolboyu su ötürücü 46 ədəd müxtəlif diametrli metal, azbest və dəmir-beton suötürücü borular quraşdırılaraq izolyasiya olunub, 5 min poqonmetr uzunluğunda yeni dəmir-beton küvetlər inşa edilib, avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istinad divarları tiklib. Bundan başqa, "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol boyunca əsasın tikintisi və asfalt-beton örtüyün salınması işləri aparılıb.

Hazırda yolboyu xırda dənəli asfalt-beton örtüyünün döşənməsi işləri aparılır ki, bu işlər də artıq bitmək üzrədir. Layihə çərçivəsində yolun 35, 36 və 41-ci kilometrlik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, yolun 43 və 46-cı kilometrlik hissəsində Babaçay və Cimiçay üzərində yeni körpülər inşa edilib. Babaçay üzərindən salınan körpünün uzunluğu 126 metr, Cimiçay üzərindəki körpünün uzunluğu isə 80 metrdir. Hər iki körpünün ətrafında müvafiq olaraq 280 və 160 metr uzunluğunda su nizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarları tikilib.

Bundan başqa, avtomobil yolunun Təngəaltı kəndi ərazisində, sıldırım qayalıqlar arasından keçən hissəsinin genişləndirilməsi işləri aparılaraq yekunlaşdırılır. Ərazidə 150 metr uzunluğunda dəmir-beton konstruksiyalı bəndin qurulması işləri də yekunlaşır. Yolun genişləndirilməsi işləri Quba-Qonaqkənd yolunun 29-30-cu kilometrlik hissəsini əhatə edir. Çayda bənd vurulması və qayaların çapılması hesabına yolun hərəkət hissəsinin 4-5 metrdən 7-12 metrə kimi genişləndirilib. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Quba rayonunun Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrini əhatə edən layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yollar boyu yol nişanları quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

Sözügedən yolun yenidən qurulması yolboyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq, rayonun turizm imkanlarını genişləndirəcək.

Xəbər lenti