Xəzər Xəbər

Ağdamlılar doğma torpaqlarının işğaldan azad edilməsi üçün hər an silaha sarılmağa hazırdırlar

Region | 14:23 • 23 İyul 2019
Ağdamlılar doğma torpaqlarının işğaldan azad edilməsi üçün hər an silaha sarılmağa hazırdırlar

Azərbaycanın dilbər guşələrindən olan Ağdamın Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsindən 26 il ötür.


1993-cü il iyulun 23-də Ağdam şəhəri erməni təcavüzkarları tərəfindən işğal olunub. Erməni silahlı quldur dəstələri rayonun 1154 kvadratkilometrlik ərazisinin 76,4 faizini – 1 şəhər, 1 qəsəbə və 82 kəndi işğal edərək vəhşicəsinə talayıb, dağıdıb və yandırıb.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bununla əlaqədar olaraq rayonun girişindəki Şəhidlər abidə kompleksi qarşısında ümumrayon anma mərasimi keçirilib.


Rayon ictimaiyyəti, əmək kollektivlərinin nümayəndələri, şəhid ailələrinin üzvləri, hərbçilər abidə kompleksi önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Mərasimdə çıxış edənlər Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıblar. Bildirilib ki, Ermənistanın Qarabağın dağlıq hissəsini işğal etmək məqsədilə 1988-ci ilin fevralından başladığı müharibənin əsas çətinlikləri Ağdam rayonunun, onun əhalisinin üzərinə düşüb. Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdam düşmənə qarşı 5 illik savaşda minlərlə şəhid verib, torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.


Çıxışlarda vurğulanıb ki, ağdamlılar doğma torpaqlarının işğal altında qalması ilə heç vaxt barışmayacaqlar. Onlar respublikamızın ərazi bütövlüyü uğrunda Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazırdırlar. Tədbir Ağdam Dövlət Dram Teatrının hazırladığı kompozisiya ilə başa çatıb.


Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar iyulun 23-də Ağdam ictimaiyyətinin nümayəndələri Bakı şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının, o cümlədən ağdamlı şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, "Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Xəbər lenti