Xəzər Xəbər

Şamaxıda qədim məscid aşkarlanıb - FOTO

Region | 10:08 • 17 İyul 2019
Şamaxıda qədim məscid aşkarlanıb -

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və Epiqrafika şöbəsinin müdiri, arxeoloq Akif Quliyevin rəhbəri olduğu Şamaxı-Ağsu arxeoloji ekspedisiyası Şamaxı rayonu Qaleybuğurd kəndi ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı qədim məscidin qalıqları aşkarlayıb.

İnstitutdan xezerxeber.az-a bildirilib ki, aşkar edilmiş məscidin divarları, günbəzinin və mehrabının hissələri günümüzə qədər gəlib çıxıb. Məscid qaya və çay daşlarından inşa edilib. Tikilinin üzəri sıx kollarla örtüldüyündən abidə uzun müddət nəzarətdən uzaq qalıb. Tarixən abidə yerli sakinlər tərəfindən müqəddəs ziyarətgah kimi qəbul edilib.


"Yerli sakinlərin yaşatdığı rəvayətə görə, bu qəbiristanlıqda Məhəmməd Peyğəmbərin yaxın silahdaşı Şeyx Təmim əl-Dari dəfn edilib. O, Məhəmməd Peyğəmbərin zamanında Şirvana gələrək islam dinini yaymış və öldükdən sonra burada, məscidin yanında dəfn edilib. Sonralar şeyxin qəbrinin ətrafında yerli sakinlər öz yaxınlarını dəfn edərək buranı qəbiristanlığa çeviriblər. Lakin bu rəvayət yerli əhali arasında mövcuddur”, – deyə Akif Quliyev bildirib.

Akif Quliyev qeyd edib ki, yazılı mənbələrə görə, Fələstinin Ləkhm tayfasının Bəni əl-Dar qəbiləsindən olan Təmim əl-Dari xristian rahibi olub. O, 628-ci ildə Məhəmməd Peyğəmbərlə görüşdükdən sonra islam dinini qəbul edib və Mədinədə məskunlaşıb. Peyğəmbərin vəfatından sonra, Raşidi xəlifələri (632-661-ci illər) dövründə Təmim əl-Dari Fələstində El-Xəlil (müasir Hevron), Beyt Eynun və ətraf ərazilərin hakimi təyin olunub. Şeyx 661-ci ildə Bayt-Cibrin (müasir Hevron yaxınlığında) vəfat etmiş və burada dəfn edilib. Onun tək günbəzli məqbərəsi günümüzə qədər orada mühafizə olunur.


Ekspedisiya rəhbərinin bildirdiyinə görə, mənbələrdə Şeyx Təmim əl-Darinin qədim Şirvanda olması haqqında məlumata rast gəlinmir: "Bizim ehtimalımıza görə, Qəleybuğurd qəbiristanlığında dəfn edilmiş övliya, Peyğəmbərin silahdaşı Təmim əl-Darinin adaşıdır. Ərazidə aparılacaq geniş arxeoloji tədqiqatlar məscid kompleksinin dövrünün təyin edilməsi və məzarın kimə məxsus olması məsələsinə aydınlıq gətirəcək”.

Xəbər lenti