Xəzər Xəbər

Ağdamda şəhid Miro Mustafayevin xatirəsi anılıb

Region | 17:43 • 19 Fevral 2019
Ağdamda şəhid Miro Mustafayevin xatirəsi anılıb

Ağdam rayonunun Mahrızlı kəndindəki Döyüş Şöhrəti Muzeyində respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Miro Mustafayevin xatirəsi anılıb.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, M.Mustafayevin ailə üzvlərinin, mədəniyyət işçilərinin, məktəblilərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Mərasimdə Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, şəhidin həyat yoldaşı Kifayət Mustafayeva, oğlu Teymur Mustafayev və başqaları çıxış edərək, Miro Mustafayevin mənalı həyat və döyüş yolundan danışıblar. Məlumat verilib ki, Mustafayev Miro Məmməd oğlu 1949-cu il mayın 28-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1966-cı ildə orta məktəbi bitirib. Bir il sonra keçmiş sovet ordusu sıralarında hərbi xidmətə çağırılıb və 1969-cu ildə Qazaxıstanda xidməti başa vuraraq Vətənə qayıdıb. Qarabağ müharibəsi zamanı könüllü olaraq Ağdam rayonu ərazisindəki hərbi hospitalda fəaliyyətə başlayıb. Yaralıların döyüş bölgəsindən çıxarılmasında, onlara ilkin tibbi yardım edilməsində fəallıq göstərib. M.Mustafayev, həmçinin əldə silah Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Düşmənin dörd əsgərini məhv edib. 1992-ci il fevralın 19-da Həsənriz kəndi uğrunda döyüşlərdə yaralı əsgərlərimizi döyüş meydanından çıxaran zaman düşmən gülləsinə tuş gələrək şəhid olub.


Mərasimdə məktəblilər şəhidlərə həsr edilən şeirlər söyləyiblər. Sonra tədbir iştirakçıları muzeydə 1992-1994-cü illərdə Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarına məxsus əşyalarla tanış olublar.

Xəbər lenti