Xəzər Xəbər

Daşkəsəndə raket aşkar olunub

Region | 09:39 • 23 İyul 2018
Daşkəsəndə raket aşkar olunub

İyulun 22-də saat 15:30-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Daşkəsən rayonu, Zivlan kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.


ANAMA-dan xezerxeber.az-a bildirilib ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə çay kənarına birgə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd PQ-7S raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək qurumun mərkəzi məhvetmə ərazisinə daşınıb.


Yanvarın 1-dən iyulun 22-dək ANAMA tərəfindən ümumilikdə 3 573 ədəd partlamamış hərbi sursat, 1 ədəd piyada əleyhinə mina, 4 ədəd tank əleyhinə mina və 73 kiloqram partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunaraq zərərsizləşdirilib, 105 min 705 kvadratmetr ərazi yoxlanılıb.

Xəbər lenti