Xəzər Xəbər

Ucar Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub

Region | 16:46 • 7 İyul 2018
Ucar Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub

İyulun 7-də Ucar Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, tədbirdə iştirak edən daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev əvvəlcə şəxsi heyətlə görüşüb, nazir, general-polkovnik Ramil Usubovun salamlarını və xoş arzularını çatdırıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin ali diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının maddi-texniki bazasının, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb, onlarla yeni obyekt tikilərək istismara verilib.


Nazir müavini deyib ki, Ucar Rayon Polis Şöbəsinin yeni inzibati binasının istifadəyə verilməsi də şəxsi heyətə dövlət qayğısının növbəti əyani təzahürüdür. O, əminliyini bildirib ki, əməkdaşlar bu ali diqqət və qayğıya sabitliyin, əmin-amanlığın nümunəvi qorunması və cinayətkarlıqla qətiyyətli mübarizə işinə verdikləri töhfələri ilə cavab verəcəklər.


Məlumat verilib ki, dördmərtəbəli inzibati binanın ümumi sahəsi 2584 kvadratmetrdir. Müasir standartlara uyğun olan binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, yeməkxana və digər yardımçı sahələr istifadəyə verilib, həyətdə su anbarı tikilib. Yeni tikilidə 55 xidməti otaq, 133 yerlik akt zalı var. Binada havalandırma, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb. Ərazi hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.


Sonra tədbir iştirakçıları yeni binanın növbətçi hissəsinə, xidməti otaqlara, xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş, virtual dərslərin keçirilməsi üçün nəzərdə tutulmuş tədris otağına, akt zalına, müvəqqəti saxlama yerinə baxıblar. İştirakçılar binanın ikinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.


Çıxış edənlər Ucar Rayon Polis Şöbəsinin şəxsi heyətinin iş şəraitinin daha da yaxşılaşdırılmasına, fəaliyyətin səmərəliliyinin artırılmasına xidmət edəcək və ən müasir standartlara cavab verən yeni inzibati binaya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Yeni inzibati binanın açılışında Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mansur Məmmədov iştirak edib.

Xəbər lenti