Xəzər Xəbər

Cəyirli-Alpoud avtomobil yolu yenidən qurulur

Region | 15:29 • 20 İyun 2018
Cəyirli-Alpoud avtomobil yolu yenidən qurulur

Göyçay rayonunda uzunluğu 23,3 kilometr olan Cəyirli–Alpoud avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur.


Agentliyin mətbuat xidmətindən bildirilib ki, yolun 8,6 kilometrlik hissəsinin frezlənməsinə və ikiqat örtüyün tikintisinə, qalan hissələrdə isə ikiqat əsasın və ikiqat örtüyün tikintisinə ehtiyac olduğu üçün yol boyu dağılmış yol geyiminin və torpaq yatağının yararsız qruntunun zəruri yerlərdə 41,5 min kubmetr həcmdə qazılaraq çıxarılır, əvəzinə isə yararlı material tökülərək yayılır və kipləşdirilir.


Məlumata əsasən, yolun 8,6 kilometrlik hissəsində yol örtüyünün 60 min kvadratmetr asfalt-betondan ibarət hissəsinin frezlənməsi işləri aparılıb. Bunun ardınca əlaqələndirici bitum səpilməklə örtüyün alt və üst layının iri və xırda dənəli asfalt-beton qarışığı ilə tikintisi işləri aparılır, 12 santimetr qalınlıqda asfalt-beton örtük 60 min kvadratmetr sahəyə döşənir.


Yolun qalan 14,7 kilometrlik hissəsində isə əsasın alt və üst layının çınqıl və optimal-çınqıl qarışığı ilə tikintisi işləri görülür. Bu işlər 190 min kvadratmetr sahədə icra olunur. Yol əsası hazır olan hissələrdə asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Bu işlər isə 100 min kvadratmetrdən çox ərazini əhatə etməklə 12 santimetr qalınlıqda iri və xırda dənəli asfalt-beton qarışığı ilə icra olunur. Çiyin hissələrin 116,5 min kvadratmetr sahədə 12 santimetr qalınlıqda optimal-çınqıl qarışığı ilə bərkidilməsi işləri də görülür.


Layihə çərçivəsində suötürücü boruların başlıq hissələri yuyularaq dağılıb, bəzi borular isə yararsız vəziyyətə düşüb. Bu baxımdan 25 ədəd 325 poqonmetr yararsız vəziyyətə düşmüş boruların sökülməsi, əvəzinə isə müxtəlif diametrli 286 poqonmetr uzunluğunda 22 ədəd yeni dəmir-beton boruların quraşdırılması və 39 poqonmetr uzunluğunda 3 ədəd dördbucaqlı su keçidlərinin inşası işləri aparılacaq.


Tikinti işlərinin sonuncu mərhələsində yol hərəkətinin normal təşkili üçün 70 ədəd yol nişanı və məlumatverici lövhə, 46 ədəd kilometr göstəricisi və 760 ədəd siqnal dirəyi quraşdırılacaq, 5 avtobus dayanacağı inşa olunacaq.


Görülən işlər 21 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, həmçinin əhalinin rayon mərkəzinə və qonşu rayonlara gediş-gəlişini asanlaşdıracaq.

Xəbər lenti