Xəzər Xəbər

Gəncə şəhəri Avropanın İdman Paytaxtı tituluna sahib olmaq üçün öz namizədliyini irəli sürəcək

Region | 13:32 • 15 Mart 2018
Gəncə şəhəri Avropanın İdman Paytaxtı tituluna sahib olmaq üçün öz namizədliyini irəli sürəcək

Gəncə şəhəri 2019-cu ildə Avropanın İdman Paytaxtı tituluna sahib olmaq üçün öz namizədliyini irəli sürəcək.


Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu il şəhərdə həyata keçiriləcək layihələr və qarşıda duran vəzifələr haqqında ictimaiyyət qarşısındakı çıxışında deyib.


Beynəlxalq titullara ev sahibliyi etmək baxımından Gəncənin böyük təcrübəsinin olduğunu deyən Elmar Vəliyev diqqətə çatdırıb ki, Nizami yurdu 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə isə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı seçilib. Hər iki titula ev sahibliyi dövründə şəhərdə çoxlu sayda yerli və beynəlxalq layihələr icra edilib. Bu cür layihələr şəhərin dünyada şöhrətini artırmaqla yanaşı, Gəncəyə gələn xarici qonaqların və turistlərin sayına da müsbət təsir göstərib.


Vurğulanıb ki, yeni layihə üçün Gəncənin namizədliyinin irəli sürülməsində məqsəd ilboyu gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, idmanın kütləviliyinə nail olmaq, ənənəvi idman növlərinin inkişafına dəstək vermək, şəhərin idman infrastrukturunu təkmilləşdirmək, eləcə də layihə çərçivəsində şəhərin bütün Avropa məkanında təbliğinə geniş yer ayırmaqdır.


Gəncənin mövcud idman infrastrukturundan, eləcə də bu şəhərin şöhrətini artıran, onu bir çox Olimpiya, Dünya və Avropa çempionatlarında təmsil edərək fəxri kürsünün ən yüksək pillələrinə ucaldan idmançılarından danışan Elmar Vəliyev deyib ki, 2018-ci ildə gənclər arasında idmanın təbliğinə geniş yer veriləcək, həmçinin şəhərdə bir çox idman mərkəzləri ilə yanaşı, İdman Sarayının da tikintisinə başlanılacaq. (AZƏRTAC)

Xəbər lenti